Oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər.
Xəbər Yerində xəbər verir ki, görüşdə dövlət başçısı Vyetnamın vitse-prezidentinə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçiriləcək Zirvə Görüşündə iştirakına görə minnətdarlığını bildirib. İlham Əliyev bu səfərin ikitərəfli gündəlikdə duran məsələlərin müzakirəsi üçün də imkan yaratdığını vurğulayıb.
Prezident İlham Əliyev Vyetnama səfərini, Vyetnam Sosialist Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın isə Azərbaycana səfərini xatırladaraq, həmin görüşlərdə aparılan müzakirələrin əhəmiyyətini qeyd edib. Dövlət başçısı iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha vurğulayıb.
Azərbaycan Prezidenti ölkəmizin AQEM-ə sədrliyinin müddətinin uzadılmasına göstərdiyi dəstəyə görə Vyetnama təşəkkür edib.
Vyetnam Azərbaycanın sədrliyini yüksək qiymətləndirir
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qəbul üçün təşəkkür edən vitse-prezident Vo Thi An Suan ölkəmizə əvvəlki səfərini və Azərbaycan Prezidenti ilə görüşünü məmnunluqla xatırlayıb.
O, Azərbaycanın əldə etdiyi nailiyyətlər, AQEM-ə uğurlu sədrliyi və təşkilatın Zirvə Görüşünün Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Vyetnamın Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirdiyini bildirib.
Qonaq Azərbaycanla Vyetnam arasında tarixi əlaqələrə toxunaraq, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri zamanı strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul edilməsinin münasibətlərin yeni mərhələyə yüksəlməsində mühüm rol oynadığını qeyd edib.
Görüşdə Vyetnam Prezidenti Ho Şi Minin Azərbaycana, Ümummilli Lider Heydər Əliyevin SSRİ rəhbərliyində olduğu dövrdə Vyetnama, eləcə də Prezident İlham Əliyevin bu ölkəyə səfərləri məmnunluqla xatırlanıb. Bu tarixi irsin Azərbaycan-Vyetnam əlaqələrinin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
Azərbaycan-Vyetnam əməkdaşlığının yeni istiqamətləri müzakirə olunub
Vitse-prezident Vyetnamın azadlıq mübarizəsindən sonrakı inkişafında, energetika sektorunun bərpasında və kadr potensialının hazırlanmasında Azərbaycanın vaxtilə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirib. Onun sözlərinə görə, bu dəstək ölkələr arasında əməkdaşlıq üçün möhkəm tarixi ənənə və əsas yaradıb.
Vo Thi An Suan sovet dövründə minlərlə vyetnamlı tələbənin Azərbaycanda təhsil aldığını da məmnunluqla xatırladıb.
Görüşdə Azərbaycan və Vyetnamın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qeyd olunub. Siyasi əlaqələrin səviyyəsinə uyğun olaraq iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji, turizm və sərmayələr sahələrində tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Həmçinin azad viza rejiminin tətbiqi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Energetika sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. SOCAR ilə “PetroVyetnam” arasında Anlaşma Memorandumunun imzalandığı qeyd olunub və bu sənəddən irəli gələn tərəfdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib.
Heydər Əliyev Fondunun Vyetnamdakı layihələri yüksək qiymətləndirilib
Görüş zamanı vitse-prezident Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və mədəni layihələrə görə təşəkkürünü bildirib.
Vo Thi An Suan Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfərini də məmnunluqla xatırlayıb.










