Xəbər Yerində xəbər verir ki, sentyabrın 26-da Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu – yubiley əsas yarışı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı Bakı şəhər halqasından izləyiblər.
Yarışa 16 mindən çox xarici turist gəlib
Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu yarışına sentyabrın 24-də start verilib. Yubiley yarışını izləmək üçün paytaxta rekord sayda – 16 mindən çox xarici turist səfər edib.
Yarışda 11 komanda, ümumilikdə isə 22 pilot mübarizə aparıb.
İlk gün komandalar iki sərbəst yürüşdə iştirak ediblər. Daha sonra yüksək nəticə göstərən pilotlar sıralama turunda mübarizə aparıblar.
Sıralama turunun nəticələrinə əsasən, “Mercedes”in pilotu Corc Rassel 6 kilometrlik Bakı trekində poul qazanıb və əsas yarışa ilk sıradan başlamaq hüququ əldə edib. “Ferrari”nin pilotu Şarl Lekler ikinci, “McLaren” təmsilçisi Oskar Piastri isə üçüncü olub.
Corc Rassel Bakıda qalib gəlib
Sentyabrın 26-da keçirilən əsas yarışda pilotlar Bakı şəhər halqasında 2 saat ərzində 51 dövrə vurublar.
Yarışın qalibi “Mercedes” komandasının pilotu Corc Rassel olub. “Red Bull”un pilotu Maks Ferstappen finişə ikinci çatıb. Onun komanda yoldaşı İsak Hacar isə yarışı üçüncü pillədə tamamlayıb.
Azərbaycan Formula 1-ə 10-cu dəfə ev sahibliyi edir
Azərbaycan bu il Formula 1 yarışlarına 10-cu dəfə ev sahibliyi edib.
Ölkədə ilk Formula 1 yarışı 2016-cı ildə keçirilib və həmin vaxt “Avropa Qran-Prisi” adlandırılıb. İlk yarışın qalibi “Mercedes”in pilotu Niko Rosberq olub.
2017-ci ildən etibarən yarış “Azərbaycan Qran-Prisi” adı ilə keçirilməyə başlayıb.




























