Media və Yayım Şurasından Türkiyə mediasındakı paylaşımlarla bağlı bəyanat

Media və Yayım Şurasından Türkiyə mediasındakı paylaşımlarla bağlı bəyanat

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Media və Yayım Şurası son günlər Türkiyənin media məkanında, xüsusilə sosial şəbəkələrdə Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı yayılan paylaşımlardan narahatlığını ifadə edib.

Şuranın bəyanatında bildirilib ki, sözügedən paylaşımlar əsassız olmaqla yanaşı, hüquqi, diplomatik və etik çərçivələrə uyğun deyil və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə xələl gətirməyə, ictimai rəydə bu münasibətlər barədə mənfi təsəvvür yaratmağa yönəlib.

“Qarayaxma kampaniyaları davamlı xarakter daşıyır”

Bəyanatda qeyd olunub ki, iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsi və qarşılıqlı etimad mühiti nəzərə alınaraq, Azərbaycana qarşı qarayaxma kampaniyalarının müəyyən fasilələrlə davam etməsi, qərəzli iddiaların və dezinformasiyaların asanlıqla yayılması, buna qarşı isə hər hansı tədbirin görülməməsi təəssüf doğurur və yolverilməz haldır.

Şura hesab edir ki, bu paylaşımlar ayrı-ayrı şəxslərin təsadüfi təşəbbüsü deyil. Bildirilib ki, onlar müəyyən əlaqələndirmə və vahid yanaşma əsasında həyata keçirilən, bəlli dairələr tərəfindən idarə olunan məqsədyönlü kampaniyanın tərkib hissəsidir.

Bəyanatda vurğulanıb ki, belə hallar hüquqi və etik çərçivələrə sığmadığı kimi, Türkiyə Respublikasının qanunvericiliyinin tələblərinə də ziddir.

“Digər müvafiq hallarda olduğu kimi, həssas yanaşma və qanunvericiliyin tələblərinin icrası Azərbaycana münasibətdə də özünü göstərməlidir”, – deyə bildirilib.

Azərbaycana girişin məhdudlaşdırılması məsələsi gündəmdədir

Media və Yayım Şurası qeyd edib ki, Azərbaycan tərəfi Türkiyə mediasında və sosial media seqmentində baş verən prosesləri diqqətlə izləyir.

Bəyanatda bildirilib ki, qanunvericilikdə nəzərdə tutulan müvafiq tədbirlərin görülməsi, o cümlədən qarayaxma kampaniyasının təşkilatçıları və icraçılarının Azərbaycana girişinin məhdudlaşdırılması imkanının nəzərdən keçirilməsi istisna edilmir.

Şura əlavə edib ki, ictimaiyyət iki dövlət və xalq arasında formalaşmış tarixi, siyasi və mənəvi bağlılığa, qarşılıqlı etimada və strateji müttəfiqliyə xələl gətirmək istəyənlərə meydan verilməsini qəbuledilməz hesab edir.

Bəyanatda belə cəhdlərin qarşısının alınması istiqamətində əməli addımlar atılmasının gözlənildiyi vurğulanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir