Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhərinin Xətai rayonunda yerləşən marketlərdən birində təhlükəsizlik tələblərinə cavab verməyən liftin istismarını dayandırıb.
Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyindən bildirilib ki, Xudu Məmmədov küçəsində fəaliyyət göstərən marketdə plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə əməl olunmadan istismar edildiyi və bunun insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.
Aşkar edilən pozuntular nəzərə alınaraq liftin istismarı dayandırılıb, market rəhbərliyinə isə texniki təhlükəsizliklə bağlı nöqsanların aradan qaldırılması tələb olunub.
Bundan əlavə, müvafiq akt tərtib edilib və bildirilib ki, yalnız aşkar olunmuş pozuntular aradan qaldırıldıqdan sonra liftin yenidən istismarına icazə verilə bilər. FHN həmçinin təhlükəsizlik normalarına əməl olunmamasının qəza və bədbəxt hadisələrə səbəb ola biləcəyi, bu halda market rəhbərliyinin hüquqi məsuliyyət daşıdığı barədə müəssisə nümayəndəsini məlumatlandırıb.

