Los-Anceles stadionunda keçirilən və ilk hissəsi 1:1 hesabı ilə başa çatan qarşılaşmada İspaniyanın qollarını Fabian Ruis və Merino vurub. Belçikanın yeganə qoluna isə De Ketelare imza atıb.
İspaniya yarımfinalda Mərakeşi mübarizədən kənarlaşdıran Fransa ilə qarşılaşacaq. Fransa – İspaniya yarımfinal oyunu iyulun 14-də Dallasda Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.
İspaniya axtardığı qolu matçın 30-cu dəqiqəsində tapıb. Sağ cinahdan inkişaf edən hücumda Pedro Porro topu cərimə meydançasında Dani Olmoya ötürüb. Olmonun zərbəsini qapıçı Kurtua dəf etsə də, Fabian Ruis qayıdan topu yaxın məsafədən qapıya göndərərək hesabı açıb.
Belçika ilk hissədəki ilk təhlükəli hücumunda, 41-ci dəqiqədə bərabərlik qolunu vurub. Sağ cinahdan Kastanyenin ön dirəyə etdiyi ötürmədən sonra De Ketelare baş zərbəsi ilə topu tora göndərib.
Merino 2 dəqiqəyə qol vurdu
İkinci hissədə taraz keçən oyunda İspaniyanı yarımfinala daşıyan qolu Merino vurub. 86-cı dəqiqədə oyuna daxil olan Mikel Merino cəmi iki dəqiqə sonra fərqlənib. Kubarsinin zərbəsindən sonra qapıçı Lammensin qaytardığı topu yaxın məsafədən tora göndərən Merino komandasına qələbə qazandırıb.
Merino 1/8 final mərhələsində də İspaniyanın Portuqaliyanı 1:0 hesabı ilə məğlub etdiyi oyunda 85-ci dəqiqədə meydana daxil olmuş və 91-ci dəqiqədə vurduğu qolla komandasına qələbə qazandırmışdı.
Kurtua zədələndi
Belçika millisinin qapıçısı Tibo Kurtua zədəsi səbəbindən qarşılaşmanın 71-ci dəqiqəsində yerini Senne Lammensə verib.
Sol ayağındakı zədə səbəbindən oyunu davam etdirə bilməyən Kurtua ehtiyat oyunçular skamyasına qayıdarkən göz yaşlarını saxlaya bilməyib.
Unai Simonun qol buraxmamaq seriyası başa çatdı
Dünya Çempionatında ən uzun müddət qol buraxmamaq rekordunu qıran İspaniya millisinin qapıçısı Unai Simon turnirdə 650 dəqiqədən sonra ilk dəfə qapısında qol görüb.
Unai Simon bu oyundan əvvəl Dünya Çempionatında sonuncu qolu 2022-ci il Dünya Çempionatının qrup mərhələsində Yaponiya ilə matçın 51-ci dəqiqəsində Tanakadan buraxmışdı.
İspaniya ilk qolunu buraxdı
İspaniya 2026-cı il Dünya Çempionatında ilk qolunu 1/4 final mərhələsində Belçikadan buraxıb.
Bu oyuna qədər turnirdə qapısından top buraxmayan yeganə komanda olan İspaniya bu rekordunu Belçika ilə oyunda itirib.
Mənbə: TRTHaber

