ABŞ Prezidenti Donald Tramp İranla bağlı diqqətçəkən açıqlama verib. O, sosial media hesabında paylaşdığı mesajda İranın ABŞ-dan danışıqların davam etdirilməsini istədiyini, Vaşinqtonun isə bu təklifi qəbul etdiyini bildirib.
Trampın sözlərinə görə, ABŞ eyni zamanda İran tərəfinə atəşkəsin artıq qüvvədə olmadığını açıq şəkildə bəyan edib.
Qətərdən Tehrana kritik səfər
Hadisələrin fonunda Qətərdən olan vasitəçi nümayəndə heyəti İranın paytaxtı Tehrana səfər edib. Türkiye mediasından aldığımız xəbərə görə, səfərin məqsədi Vaşinqton və Tehran arasında son günlər daha da artan gərginliyi azaltmaq və diplomatik təmasları davam etdirməkdir.
Qətər nümayəndələri iranlı rəsmilərlə daha geniş formatda danışıqların aparılması imkanlarını müzakirə ediblər. Bildirilir ki, bu proses ABŞ ilə koordinasiyalı şəkildə həyata keçirilir.
Gündəmdə memorandum və Hörmüz boğazı
Danışıqların əsas mövzuları ABŞ–İran memorandumunun icrası, iki ölkə arasında artan qarşıdurma və Hörmüz boğazında yaşanan gəmiçilik böhranıdır.
Xatırladaq ki, ABŞ və İran münaqişənin dayandırılması məqsədilə iyunun 14-də İslamabad Memorandumunu imzalayıb. Sənədə əsasən, yekun razılaşmanın əldə olunması üçün 60 günlük danışıq müddəti nəzərdə tutulub.
Lakin iyulun 8-də ABŞ ordusunun İrana qarşı yeni hərbi əməliyyatlara başlamasından sonra bölgədə vəziyyət yenidən gərginləşib. İran isə cavab addımı olaraq qonşu ölkələrdə yerləşən ABŞ hərbi bazalarını hədəfə almağa başlayıb.
Bölgədə diplomatik səylər davam etsə də, tərəflər arasında gərginliyin hələ də yüksək səviyyədə qaldığı bildirilir.
Mənbə: TRT Haber

