İsrail parlamenti – Knesset 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrin “erməni soyqırımı” kimi tanınmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsini qeyri-müəyyən müddətə təxirə salıb.
Bu barədə “Jerusalem News Syndicate” portalı İsrail rəsmisinə istinadən məlumat yayıb.
Məlumata əsasən, qərar İsrail Nazirlər Kabinetinin sözügedən təşəbbüsü bir ay əvvəl yekdilliklə dəstəkləməsindən sonra qəbul edilib. Bununla belə, Yaxın Şərqdə davam edən gərginlik və diplomatik proseslər nəzərə alınaraq qanun layihəsinin yaxın vaxtlarda parlamentin yekun səsverməsinə çıxarılması planlaşdırılmır.
Nəşr bildirir ki, Knesset həftənin sonunda yay tətilinə başlayacaq və fəaliyyətini oktyabrın 27-nə təyin edilmiş parlament seçkilərindən sonra bərpa edəcək.
Qanun layihəsinin hökumətdə əsas təşəbbüskarı İsrailin xarici işlər naziri Gideon Saar olub. İsrail indiyədək 1915-ci il hadisələrini rəsmi səviyyədə “erməni soyqırımı” kimi tanımaqdan çəkinirdi. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail əleyhinə sərt bəyanatları fonunda iki ölkə arasında münasibətlərin pisləşməsi hökumətin bu təşəbbüsə dəstək verməsinə təsir göstərib.
Xeberyerinde Apaya istinaden xeber verir ki, parlamentdə səsvermənin təxirə salınması bəzi müşahidəçilər tərəfindən regiondakı mürəkkəb geosiyasi vəziyyət fonunda İsrail-Türkiyə münasibətlərində gərginliyi daha da artırmamaq cəhdi kimi qiymətləndirilir.
Məqalədə Azərbaycanın mövqeyinin də bu məsələdə əhəmiyyət daşıdığı vurğulanır. Xatırladılır ki, ötən ay rəsmi Bakı İsrail Nazirlər Kabinetinin qərarını tənqid edərək onun yenidən nəzərdən keçirilməsinə çağırmışdı.
Qeyd olunur ki, Azərbaycan həm İsrail, həm də Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərini qoruyub saxlayır və iki ölkə arasında əsas vasitəçilərdən biri kimi çıxış edir. İsrail üçün Azərbaycanla əməkdaşlıq təhlükəsizlik, enerji və regional sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

