Kaşif Kozinoğlu işi yenidən gündəmdə: Saxlanılan həkim evində ölü tapıldı

Kaşif Kozinoğlu işi yenidən gündəmdə: Saxlanılan həkim evində ölü tapıldı

Xəbər Yerində xəbər verir ki, Türkiyədə keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanada ölümü ilə bağlı yenidən başladılan istintaq çərçivəsində yeni hadisə baş verib.

Sözügedən iş üzrə daha əvvəl saxlanılan keçmiş həbsxana həkimi Turgay Tamer İstanbulun Böyükçekmece rayonundakı evində ölü tapılıb.

Evdə ilk müayinədə şübhəli hal aşkarlanmayıb

Məlumata görə, Tamerin həyat yoldaşı bir neçə günlük xarici səfərdən qayıtdıqdan sonra onu evdə hərəkətsiz vəziyyətdə aşkar edib. Hadisə barədə aidiyyəti qurumlara məlumat verilib və ünvana polis və tibbi yardım əməkdaşları göndərilib.

Evdə aparılan ilkin araşdırma zamanı şübhəli hal aşkarlanmadığı bildirilib.

Tamerin meyiti ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün Məhkəmə-Tibb Ekspertizası İdarəsinə göndərilib. Onun ölüm səbəbinin ekspertiza və yarılmanın nəticələrindən sonra dəqiqləşəcəyi qeyd olunur.

Sentyabrın 10-da saxlanılmışdı

Turgay Tamer Kaşif Kozinoğlunun ölümü ilə bağlı yenidən aparılan istintaq çərçivəsində sentyabrın 10-da saxlanılmışdı. O, sentyabrın 14-də məhkəmə qərarı ilə adli nəzarət tədbiri tətbiq edilməklə sərbəst buraxılmışdı.

Kaşif Kozinoğlu 2011-ci ildə həbsxanada ölüb

Keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlu 2011-ci il noyabrın 12-də Silivri həbsxanasında saxlanıldığı vaxt səhhəti pisləşərək vəfat edib.

Onun ölümü ilə bağlı daha əvvəl aparılan araşdırmanın ardından təqibata xitam verilib. Lakin illər sonra iş yenidən araşdırılmağa başlanıb və Kozinoğlunun ölümündə üçüncü şəxslərin müdaxiləsinin olub-olmadığı da araşdırılır.

Hazırda Turgay Tamerin ölümü ilə Kaşif Kozinoğlu işi arasında hər hansı əlaqənin olub-olmadığı barədə rəsmi nəticə açıqlanmayıb. Tamerin ölüm səbəbi də ekspertizanın nəticəsindən sonra məlum olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir