Bakıda keçmiş sevgilisini öldürməyə cəhd etməkdə təqsirləndirilən 40 yaşlı Ziya Həsənovun məhkəmə prosesi başa çatıb.
“Xəbər Yerində” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə hadisənin təfərrüatları üzə çıxıb.
Məhkəmədə məlum olub ki, Ziya Həsənov 2025-ci il noyabrın 7-də qeyri-rəsmi münasibətdə olduğu Ceyran Çobanovanı işlədiyi gözəllik salonunun qarşısında öldürməyə cəhd edib.
Təqsirləndirilən şəxs ifadəsində qadını öldürmək niyyətinin olmadığını, onu başqa şəkildə cəzalandırmaq istədiyini bildirib. Onun sözlərinə görə, özü ilə mismar götürüb və Ceyranın bir gözünü çıxarmağı planlaşdırıb.
Z.Həsənov məhkəmədə deyib ki, Ceyranla 2024-cü ildə tanış olub və təxminən bir il münasibətdə olublar. Daha sonra qadın ondan ayrılıb.
Qadın daha əvvəl də polisə müraciət edib
İş materiallarına əsasən, Ziya Həsənov evli və iki uşaq atası olmasına baxmayaraq, Ceyranla münasibət qurub və hətta onun ailəsinə elçi də göndərib.
Lakin münasibətləri zamanı qadına qarşı zorakılıq göstərdiyi üçün Ceyran polisə müraciət edib. Bununla bağlı Z.Həsənov barəsində Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə cinayət işi başlanıb və onun üzərinə elektron qolbaq taxılıb.
Bundan sonra da aqressiv davranışlarını davam etdirən şəxs növbəti dəfə saxlanılıb və məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs cəzası alıb.
Həbsdən azad edildikdən sonra Z.Həsənov qadını cəzalandıracağını və ömürlük şikəst edəcəyini bildirib. Ardınca onun çalışdığı gözəllik salonunun qarşısına gələrək hücum edib.
Hadisə zamanı Ceyran Çobanovaya kəsici alətlə 9 zərbə endirilib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadının ürəyinin dayandığı, tibb işçilərinin elektroşok vasitəsilə ürək fəaliyyətini bərpa etdiyi bildirilib.
Məhkəmə hökm çıxardı
Ziya Həsənov Cinayət Məcəlləsinin 29.120.1-ci maddəsi ilə, yəni qəsdən adam öldürməyə cəhddə təqsirli bilinib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

