Kolumbiyada avqustun 10-da baş verən güclü zəlzələnin fəsadları getdikcə daha ağır görünür. 7,4 maqnitudalı yeraltı təkan nəticəsində ölənlərin sayı 281-ə yüksəlib.
“Xeber Yerinde” xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 3 971 nəfər xəsarət alıb, 379 nəfərin isə taleyi hələ də məlum deyil.
Zəlzələnin ən çox zərər vurduğu ərazilər arasında Kali və Pereyra şəhərləri də var. Dağıntılar altında insanların qalması ehtimalına görə axtarış-xilasetmə qrupları fasiləsiz fəaliyyət göstərir. Lakin zəlzələdən sonra keçən kritik 72 saatın başa çatması sağ qalanların tapılması ilə bağlı ümidləri azaldıb.
Rəsmi məlumatlara görə, zəlzələ 15 departamentdə 426 bələdiyyəyə təsir edib. Təbii fəlakət nəticəsində 10 677 ev tamamilə dağılıb, 65 841 evə isə ziyan dəyib. Ümumilikdə 44 936 ailənin, yəni 102 mindən çox insanın zəlzələdən zərər çəkdiyi bildirilir.
Ölkədə xilasetmə işləri ilə yanaşı, zərərçəkənlərə yardım göstərilməsi və dağıdılmış yaşayış məntəqələrinin bərpası istiqamətində də tədbirlər görülür. Prezident Abelardo de la Espriella hökumətin əsas diqqətinin dağıntılar altında qalanların axtarılması və fəlakətin nəticələrinin aradan qaldırılmasına yönəldiyini açıqlayıb.
Zəlzələdən sonra 150-dən çox təkanın qeydə alınması isə xilasedicilərin işini daha da çətinləşdirib.

