Lənkəran şəhərində ana və azyaşlı övladının bıçaqlanması ilə nəticələnən hadisə baş verib.
Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 13-də səhər saatlarında şəhərin Zərifə Əliyeva küçəsində, “Müəllimlər binası” kimi tanınan yaşayış binasında qeydə alınıb.
Məlumata görə, Xanbulan kənd sakini, 34 yaşlı Allahşükür Ağazadə həyat yoldaşı, 1997-ci il təvəllüdlü Rəvanə Ağazadəyə çoxsaylı bıçaq zərbələri endirib. Həmin vaxt anasının qucağında olan 2023-cü il təvəllüdlü azyaşlı oğlan da xəsarət alıb.
Ana əməliyyata alınıb, uşağın vəziyyəti açıqlanıb
Ağır xəsarətlər alan ana və övladı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
TƏBİB-dən APA-ya verilən məlumata görə, hər iki zərərçəkənə qarın boşluğu və döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları, eləcə də hipovolemik şok diaqnozları qoyulub.
Azyaşlının müalicəsi reanimasiya şöbəsində davam etdirilir və vəziyyəti orta ağır qiymətləndirilir. Qadın isə əməliyyat blokuna alınıb.
Şübhəli şəxs saxlanılıb
Hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Allahşükür Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

