Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran şəxslərdən biri ölüb, digəri saxlanılıb.
Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ərazidə qanunsuz qazıntı işləri aparan üç nəfər polis əməkdaşları tərəfindən müəyyən edilib.
Həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R. Səfərov qayalıqdan dərəyə yıxılıb. O, aldığı xəsarətlər nəticəsində həyatını itirib.
Digər şəxs E. Kərimov saxlanılıb.
Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilərək götürülüb.
Hazırda hadisənin digər iştirakçısının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

