“Turandot” 98 ildən sonra Bakıda yenidən səhnəyə qoyuldu
Heydər Əliyev Sarayında Cakomo Puççininin məşhur “Turandot” operasının yeni quruluşda premyerası keçirilib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi tamaşa sürəkli alqışlarla qarşılanıb.
Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva premyeranı izləyib. Tamaşada Azərbaycanın Xalq artisti, dünyaşöhrətli tenor Yusif Eyvazov da çıxış edib.
Son 98 ildə Azərbaycanda ilk dəfə səhnələşdirilən yeni “Turandot” tamaşası xüsusi olaraq Bakı səhnəsi üçün hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, icraçı rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev, rejissoru isə Elnur İsmayılovdur. Xor hissəsi üzərində xormeyster, Əməkdar artist Sevil Hacıyeva çalışıb. Xoreoqraflar Xalq artisti Mədinə Əliyeva və Əməkdar artist Anar Mikayılovdur.
Yeni səhnə əsərində üç fərqli aktyor heyəti iştirak edir. Üç premyera axşamının hər birində Turandot və Kalaf obrazlarını müxtəlif solistlər canlandırır, dirijor kürsüsündə isə fərqli maestrolar dayanır.
Oktyabrın 24-də Kalaf rolunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, beynəlxalq səhnədə tanınan opera müğənnisi, Xalq artisti Yusif Eyvazov ifa edib. Bu partiya onun yaradıcılığında özünəməxsus yer tutur. Həmin axşam məşhur tenor Kalaf obrazını Azərbaycanda ilk dəfə səhnəyə çıxarıb. Turandot rolunu italyan sopranosu Karmen Cannattazio canlandırıb, dirijor kürsüsündə isə italyan maestro Beatriçe Venezi olub.
Yusif Eyvazov premyeradan əvvəl keçirilən mətbuat konfransında “Turandot”un səhnəyə qayıdışını tarixi hadisə adlandırıb. Xalq artisti bildirib ki, 98 ildən sonra opera yenidən Azərbaycan səhnəsində təqdim olunur. Onun sözlərinə görə, Mikayıl Mikayılov və Mustafa Mustafayevin ərsəyə gətirdiyi yeni quruluş yüksək səviyyəsi ilə seçilir. Tamaşada azərbaycanlı sənətçilərlə yanaşı, xarici opera solistləri də iştirak edəcəklər.
Quruluşçu rejissor Mikayıl Mikayılov da teatr truppasının tamaşanın hazırlanmasına böyük əmək sərf etdiyini vurğulayıb. O, tamaşaçıların görülən işləri yüksək qiymətləndirəcəyinə və səhnə əsərindən zövq alacağına ümid etdiyini bildirib. Rejissor “Turandot”un teatr mədəniyyəti üçün böyük əhəmiyyət daşıyan əlamətdar hadisə olduğunu qeyd edib.
Cakomo Puççininin ən məşhur əsərlərindən biri olan “Turandot” operası Karlo Qozzinin eyniadlı pyesi əsasında yaradılıb. Üçpərdəli əsərin librettosunu Cüzeppe Adami və Renato Simoni yazıblar. Operanın dünya premyerası 1926-cı il aprelin 25-də Milandakı La Skala teatrında Arturo Toskanininin dirijorluğu ilə keçirilib.
Bakı tamaşaçıları əsəri ilk dəfə 1928-ci ildə, dünya premyerasından cəmi iki il sonra izləyiblər. Həmin tamaşa Sovet İttifaqında ilk “Turandot” quruluşu olub.
Puççini 1920-ci ilin yayından 1924-cü ildə vəfat edənədək opera üzərində çalışıb, lakin əsəri tamamlaya bilməyib. Operanın son hissəsi bəstəkarın qeydləri əsasında Franko Alfano tərəfindən tamamlanıb.
Əsərin süjeti amansız şahzadə Turandotla şahzadə Kalafın sevgi hekayəsi ətrafında qurulub. Turandot ona elçi düşənləri üç tapmaca ilə sınağa çəkir. Şərtə görə, suallara düzgün cavab verən namizədlə evlənəcək, cavabları tapa bilməyənləri isə edam gözləyir. Bir sıra sınaqlardan sonra Kalaf tapmacaları həll edir və sonda sevgisinin gücünə təslim olan Turandotla evlənir.








