Luvr üçün 15 illik təmir planı – Əks halda muzey bağlana bilər

Luvr üçün 15 illik təmir planı – Əks halda muzey bağlana bilər

Fransanın paytaxtı Parisdə yerləşən Luvr Muzeyi əsaslı təmir aparılmadığı təqdirdə fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşə bilər.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, muzeyin direktoru Kristof Leribo “Le Figaro” nəşrinə müsahibəsində binanın köhnəlmiş infrastrukturu və təhlükəsizlik problemləri ilə bağlı xəbərdarlıq edib.

Muzeyin infrastrukturu yenilənməlidir

Direktorun sözlərinə görə, hazırda Luvrda təhlükəsizlik kameraları yenilənir, məhəccərlər, eskalatorlar, dam örtüyü, işıqlandırma və kondisioner sistemləri təmir olunur.

Leribo bildirib ki, yay aylarında həddindən artıq isti hava şəraiti ziyarətçilərin sayına da təsir göstərib. Belə ki, bu səbəbdən muzeyə gələnlərin sayı 8 faiz azalıb.

Təmir 15 il davam edə bilər

Muzey direktorunun diqqət çəkdiyi əsas məsələlərdən biri “Luvrun Yeni İntibahı” adlı genişmiqyaslı yenilənmə planıdır. Layihənin həyata keçirilməsinin zəruri olduğunu bildirən Leribo təmir işlərinin 15 ilədək davam edə biləcəyini qeyd edib.

O, 2027-ci ildə keçiriləcək prezident seçkilərindən sonra formalaşacaq yeni hökuməti layihəyə dəstək verməyə çağırıb.

Direktorun fikrincə, Luvr yenilənməsə və müasir tələblərə uyğunlaşdırılmasa, həm nüfuzunu itirə, həm də fəaliyyətini dayandırmaq məcburiyyətində qala bilər.

Luvrda milyonlarla avroluq oğurluq

Xatırladaq ki, 2025-ci il oktyabrın 19-da Luvr Muzeyində cəmi yeddi dəqiqə davam edən oğurluq hadisəsi baş verib. Hadisə zamanı səkkiz qiymətli zinət əşyası aparılıb.

Oğurluqda şübhəli bilinən şəxslər saxlanılsa da, oğurlanan əşyalar hələ də tapılmayıb.

Hazırda Luvr Muzeyində təxminən 35 min sənət əsəri nümayiş etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir