“Məni saçından tutub sürüyürdü” – məşhur rəqqasa qarşı ağır ittihamlar

“Məni saçından tutub sürüyürdü” – məşhur rəqqasa qarşı ağır ittihamlar

Rəqs müəllimi kimi tanınan Nicat Azadlıya qarşı ağır ittihamlar səsləndirildi

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar irəli sürüb.

Qadın övladının adına olan “Instagram” hesabında ailə münaqişəsi zamanı çəkildiyi bildirilən və zorakılıq görüntülərinin əks olunduğu video yayımlayıb.

Görüntülərdə cütlüyün əvvəlcə mübahisə etdiyi, daha sonra isə kişinin avtomobilin arxa oturacağında əyləşən qadına fiziki zor tətbiq etdiyi görünür. Videoda azyaşlı uşağın həmin vaxt anasının qucağında olduğu da əksini tapıb.

Qadın ağır ittihamlar irəli sürüb

Paylaşım sosial şəbəkələrdə geniş yayıldıqdan sonra ciddi müzakirələrə səbəb olub.

3,5 milyon izləyicisi olan və azyaşlılara rəqs dərsləri keçdiyini bildirən Nicat Azadlı ilə bağlı yayılan görüntülər valideynlərin də diqqətini çəkib.

Qadının iddiasına görə, o, ikinci hamiləliyi zamanı da şiddətə məruz qalıb və nəticədə bətnindəki uşağını itirib.

O, paylaşımında ərinin uzun müddət ona qarşı zorakılıq göstərdiyini, hətta azyaşlı oğlunun gözü qarşısında onu saçından tutaraq sürüdüyünü iddia edib. Qadın həmçinin uşağın bu hadisələr səbəbilə dəfələrlə travma aldığını və ərinin ailə üzvləri tərəfindən də təhqir və şiddətə məruz qaldığını bildirib.

Qadının sözlərinə görə, ona qarşı zorakılıq hallarından biri də dırnağının çıxarılması olub. O, bu iddiasını təsdiqləyən fotolar da paylaşıb.

Nicat Azadlı ittihamları rədd edib

Yayılan məlumatlarla bağlı Nicat Azadlı ilə əlaqə saxlanılıb.

O, Qafqazinfo-ya açıqlamasında irəli sürülən ittihamları əsassız adlandırıb. N.Azadlı bildirib ki, ailəsində problemlər yaşanıb və onlar artıq təxminən bir ildir boşanıblar.

O, aliment ödədiyini, keçmiş həyat yoldaşının isə ondan pul tələb etdiyini iddia edib. Rəqqas bildirib ki, əvvəlcə 1700 manat ödəyib, daha sonra ondan 5 min manat tələb olunub və bu məbləği vermədikdən sonra həmin görüntülərin yayıldığını deyib.

N.Azadlı uşağın ölümü ilə bağlı iddianı da rədd edib və belə hadisənin baş vermədiyini bildirib.

O, videonun bəzi hissələrinin kəsildiyini, görüntülərin özünü nüfuzdan salmaq məqsədilə yayımlandığını iddia edib və məsələ ilə bağlı polisə müraciət edəcəyini söyləyib.

DİN: Cinayət işi başlanılıb

Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli açıqlama verib.

O bildirib ki, hadisə 2026-cı il yanvarın 31-də Suraxanı rayonu, Binə qəsəbəsində ailə münaqişəsi zəminində baş verib.

DİN rəsmisinin sözlərinə görə, hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb və toplanmış materiallar əsasında cinayət işi başlanılıb.

Araşdırma zamanı N.Azadlının həyat yoldaşı Ş.Azadlıya fiziki zor tətbiq edərək xəsarət yetirdiyinin müəyyən olunduğu bildirilib.

N.Azadlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

DİN-dən bildirilib ki, cinayət işi üzrə istintaq tamamlanıb və iş ittiham aktı ilə məhkəməyə göndərilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir