Məşhur bəstəkar “44” haqqında danışdı: “Ən möhtəşəm filmdir” – VİDEO

Məşhur bəstəkar “44” haqqında danışdı: “Ən möhtəşəm filmdir” – VİDEO

Bəstəkar, Bakı Musiqi Akademiyasının professoru Cavanşir Quliyev İkinci Qarabağ müharibəsindən bəhs edən “44” filmini yüksək qiymətləndirib.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənətçi “REAL TV”nin efirində film haqqında fikirlərini bölüşüb, onun musiqi tərtibatı və bədii keyfiyyətindən danışıb.

“44” filmi Azərbaycanda müharibəyə həsr olunan ən möhtəşəm filmdir

Cavanşir Quliyev bildirib ki, dünyada müharibə mövzusunda çəkilən filmlərdə müəyyən musiqi standartları formalaşıb və “44” filmində də bu standartlara uyğun keyfiyyətli musiqi yazılıb.

Bəstəkar vurğulayıb ki, bədii film sənədli filmdən fərqlənir. Belə ekran əsərlərində duyğularla yanaşı, müəllifin və rejissorun tamaşaçıya çatdırmaq istədiyi fikirlər də mühüm rol oynayır.

“44” filmini diqqətlə izlədiyini deyən sənətçi onu Azərbaycanda müharibəyə həsr olunan ən möhtəşəm film adlandırıb.

Onun sözlərinə görə, müharibə haqqında filmlər yalnız atışma və döyüş səhnələrindən ibarət olsaydı, bu qədər maraq doğurmazdı. “44” filmində isə bədiilik kifayət qədər güclüdür və ekran əsəri tamaşaçılara təsir etməyi bacarır.

Quliyev filmin premyerasında insanların üz ifadələrindən və reaksiyalarından əsərin güclü emosional təsir bağışladığının göründüyünü qeyd edib. O, Anar Ələkbərovu, rejissoru və bəstəkarları təbrik edərək filmin bütün komponentlərinin yerində olduğunu bildirib.

“Müharibəmizi dünyaya rahatlıqla göstərə bilərik”

Bəstəkar qeyd edib ki, uzun illər Azərbaycan müharibə haqqında dünyaya təqdim edə biləcəyi bədii filmin olmadığından gileylənib. Onun fikrincə, “44” filminin ərsəyə gəlməsi ilə bu vəziyyət dəyişib.

Cavanşir Quliyev əmin olduğunu bildirib ki, film başqa ölkələrdə də nümayiş etdiriləcək və Azərbaycanın haqlı müharibəsinin təbliğinə töhfə verəcək.

Sənətçi vurğulayıb ki, belə ekran əsərləri həqiqətləri göstərmək məqsədi daşıyır və “44” filmi üzərinə düşən funksiyanı gözləniləndən də artıq yerinə yetirib.

O, filmdə tamaşaçıları dərindən təsirləndirən, xüsusilə gənclərdə güclü emosiyalar yaradacaq səhnələrin olduğunu da bildirib.

“Axır ki, qürurlanacağımız film ortaya qoyuldu”

Cavanşir Quliyev xatırladıb ki, müharibədən sonra qələbəyə həsr olunan əsərlərin yaradılması ilə bağlı tez-tez suallar verilirdi. O zaman sənətçi belə mövzuların yetişməsi və keyfiyyətli əsərlərin ərsəyə gəlməsi üçün zamana ehtiyac olduğunu deyirdi.

Bəstəkar “44” filminin kollektivini və Azərbaycanda kino sahəsində çalışan bütün insanları təbrik edərək, nəhayət, ölkədə qürur duyulacaq bir filmin ortaya qoyulduğunu bildirib.

“44” gələcək müharibə filmləri üçün standart müəyyənləşdirib

Quliyevin fikrincə, “44” filmi Azərbaycan kinosunda müharibə mövzusunun işlənməsi baxımından yeni bir standart yaradıb. Müharibədə iştirak etmiş qazilərin və onların yaxınlarının da böyük maraqla gözlədiyi bu ekran əsəri gələcəkdə çəkiləcək müharibə filmləri üçün mühüm meyar ola bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir