Bakı və Abşeron istiqamətində sərnişindaşıma ilə bağlı problem yaranıb. 20 Yanvar və Moskva prospekti ərazilərində “manatlıq taksi” kimi tanınan avtomobillərin fəaliyyətinin dayandırılması xüsusilə Abşeronun bir sıra yaşayış məntəqələrindən Bakıya gedib-gələn sərnişinlər üçün çətinlik yaradıb.
BAKU.WS-ə APA TV-yə istinadən xəbər verir ki, Ceyranbatan, Sumqayıt, Saray, Xırdalan və Masazır istiqamətlərində yaşayan vətəndaşlar pik saatlarda nəqliyyat vasitələrinin çatışmadığını bildiriblər.
Sərnişinlər avtobuslara da minə bilmir
Sakinlərin sözlərinə görə, “manatlıq taksi”lərin fəaliyyətinin dayandırılmasından sonra avtobuslara olan tələbat kəskin artıb.
Onlar xüsusilə səhər və axşam saatlarında avtobusların sayının və hərəkət intervalının sərnişin axınına uyğun olmadığını deyirlər. Nəticədə işə və evə gedən insanlar uzun müddət yolda qalmalı olurlar.
Sərnişinlərdən biri vəziyyəti belə ifadə edib:
“20 Yanvardan Xırdalana, Masazıra gedən taksilərin hamısını yığışdırıblar. Avtobuslara da minmək olmur. Gördüyünüz kimi, heç bir avtobusa da minmək olmur”.
Ekspert: Yalnız avtobuslara güvənmək olmaz
Mütəxəssislər hesab edirlər ki, sözügedən istiqamətlərdə sərnişinlərin daşınmasına digər nəqliyyat növləri də daha aktiv şəkildə cəlb edilməlidir.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, Sumqayıt və Xırdalan Bakı aqlomerasiyasının ən böyük yaşayış məntəqələri sırasında yer alır. Onun sözlərinə görə, bu istiqamətlərdə sərnişindaşıma probleminin yalnız avtobuslarla həll edilməsinə çalışmaq düzgün yanaşma deyil.
Ekspert dəmir yolu nəqliyyatının intensivliyinin artırılmasının vacibliyini vurğulayıb.
Onun fikrincə, ilk mərhələdə mövcud qatar parkından daha intensiv istifadə edilməli, növbəti mərhələdə isə yeni qatarların alınması və vağzalların ətrafında multimodal nəqliyyat qovşaqlarının yaradılması nəzərdən keçirilməlidir.
Belə qovşaqlarda sərnişinlərin vağzala rahat çatması, avtobusdan dəmir yoluna, həmçinin əks istiqamətdə qatardan avtobusa maneəsiz keçməsi təmin edilməlidir.
Rauf Ağamirzəyevin fikrincə, bu istiqamətdə işlərin sürətləndirilməsi Bakı, Sumqayıt və Xırdalan arasında daha qısa marşrut üzrə dəmir yolu nəqliyyatının “yerüstü metro” funksiyasını yerinə yetirməsinə imkan verə bilər.
“Manatlıq taksi”lər niyə dayandırılıb?
“Manatlıq taksi”lərin fəaliyyəti ilə bağlı yaranan vəziyyət fonunda alternativ nəqliyyat imkanları tam formalaşmadan bu xidmətin dayandırılmasının səbəbi də gündəmə gəlib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib.
Qurumdan bildirilib ki, qanunvericiliyə əsasən, ölkə ərazisində sifarişli sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün daşıyıcıların buraxılış vəsiqəsi və buraxılış kartı alması tələb olunur.
AYNA-nın məlumatına görə, müvafiq icazələr qurum tərəfindən 7 il müddətinə verilir və bunun üçün hər hansı ödəniş tələb edilmir.
Daşıyıcılar sifarişli sərnişindaşıma həyata keçirərkən elektron sistemdən istifadə etməklə müvafiq formaları doldurmalıdırlar.
İcazə olmadan sərnişindaşıma fəaliyyəti göstərilməsi isə inzibati məsuliyyət yaradır.
Beləliklə, “manatlıq taksi”lərin fəaliyyəti ilə bağlı əsas tələb onların qanunvericiliyə uyğun icazələrə malik olmasıdır. Digər tərəfdən, sərnişinlərin üzləşdiyi nəqliyyat probleminin həlli üçün alternativ nəqliyyat imkanlarının artırılması məsələsi də gündəmdə qalır.

