MEDİA-dan “Nexta”ya sərt ittiham: Goranboy yanğını üzərindən dezinformasiya kampaniyası aparılır

MEDİA-dan “Nexta”ya sərt ittiham: Goranboy yanğını üzərindən dezinformasiya kampaniyası aparılır

Azərbaycan Medianın İnkişafı Agentliyi Goranboy rayonunun Nizami kəndi yaxınlığında sentyabrın 2-də baş vermiş yanğınla bağlı “Nexta” kanalında yayılan məlumatı tənqid edib.

Xəbər Yerində BakuTv-yə istinadən xəbər verir ki, Polşada fəaliyyət göstərən kanal hadisə ilə bağlı faktlara deyil, subyektiv mülahizələrə əsaslanan məlumat yayıb. Qeyd olunub ki, materialda yanğın dövlətlərarası siyasi münasibətlər kontekstində təqdim edilməyə çalışılıb və bununla ictimai rəydə çaşqınlıq yaradılması hədəflənib.

Medianın İnkişafı Agentliyinin qənaətinə görə, bu kimi məlumatlar vahid mərkəzdən idarə olunan hibrid informasiya kampaniyasının elementləridir.

Bəyanatda son dövrlərdə bir sıra Qərb media resurslarında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatların yayıldığı da iddia olunur. Agentlik “The Independent”, “The Guardian”, BBC, CNN, “Le Monde”, TVP və digər media qurumlarının materiallarında birtərəfli yanaşmaların müşahidə edildiyini bildirib.

Agentlik hesab edir ki, fərziyyə və əsassız iddiaların yayılması informasiya manipulyasiyasının göstəricisidir.

Medianın İnkişafı Agentliyi Azərbaycanın suverenliyinə, daxili və xarici siyasətinə, eləcə də beynəlxalq nüfuzuna qarşı informasiya hücumlarının araşdırılması və dezinformasiya cəhdlərinin qarşısının alınması istiqamətində tədbirlərin davam etdiriləcəyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir