“Səhər” telekanalı ilə bağlı açıqlama: Azərbaycan əleyhinə dezinformasiya yayılıb
İranın “Səhər” (“Sahar Azəri”) telekanalı Türkiyənin Diyarbəkir vilayətində keçirilən tədbirin görüntülərini Azərbaycanla əlaqələndirərək, bunu ölkəmizdə hicablı şəxslərə dəstək aksiyası kimi təqdim edib. Azərbaycan Media və Yayım Şurası bu məlumatın həqiqəti əks etdirmədiyini və hadisənin mahiyyətinin təhrif olunduğunu bildirib.
Xəbər Yerində xəbər verir ki, bu barədə Media və Yayım Şurasının yaydığı açıqlamada qeyd olunub.
Şuranın məlumatına görə, tədbirin keçirildiyi məkanın və hadisənin mahiyyətinin yanlış təqdim edilməsi faktların təhrif olunması, ictimai rəyin manipulyasiyası və auditoriyanın çaşdırılması cəhdidir.
Telekanalın fəaliyyəti tənqid edilib
Açıqlamada bildirilib ki, “Səhər” telekanalının fəaliyyəti Azərbaycan əleyhinə yönəlmiş qərəzli və həqiqətə uyğun olmayan məlumatların yayılması, eləcə də təxribatçı məzmun vasitəsilə ictimai rəyin çaşdırılması ilə səciyyələnir.
Şura vurğulayıb ki, kanalın Azərbaycanla bağlı hadisələri sistemli şəkildə təhrif etməsi, dezinformasiya xarakterli materiallara mütəmadi yer verməsi və ölkə haqqında mənfi təsəvvür yaratmağa yönələn yanaşması onun informasiya siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.
Qeyd olunub ki, məhz bu cür ardıcıl və qərəzli fəaliyyətinə görə telekanal qara siyahıya daxil edilib.
Media və ictimaiyyətə çağırış
Media və Yayım Şurası media subyektlərini məlumatları yayarkən faktların dəqiqliyini və obyektivliyi qorumağa, hadisələrin mahiyyətini dəyişdirən və ictimai rəyi manipulyasiya edən təqdimatlardan çəkinməyə çağırıb.
Şura, həmçinin ictimaiyyətə belə paylaşımlara tənqidi yanaşmağı, yayılan məlumatları etibarlı mənbələrdən yoxlamağı və dezinformasiyanın yayılmasına şərait yaratmamağı tövsiyə edib.

