Metro sərnişinlərinə şad xəbər: Qatarların hərəkəti normallaşır

Metro sərnişinlərinə şad xəbər: Qatarların hərəkəti normallaşır

“Həzi Aslanov” metrosunda məkik hərəkət ləğv edilir – Dəyişiklik olacaq

“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri başa çatıb. Bununla əlaqədar yaxın günlərdə Qırmızı xətdə qatarların hərəkət sxemi əvvəlki qaydada bərpa ediləcək.

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Metropolitenin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev məlumat verib.

Onun sözlərinə görə, dalan yolunun yenidən istismara verilməsi ilə yaxın günlərdə “Həzi Aslanov–Əhmədli” mənzilində tətbiq olunan məkik hərəkət ləğv olunacaq. Beləliklə, “İçərişəhər–Həzi Aslanov” sahəsində qatarların hərəkəti təmir işlərindən əvvəlki qaydada təşkil ediləcək.

Dəyişiklikdən sonra Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyə olacaq. Metropoliten bu barədə ictimaiyyətə əlavə məlumat verəcək.

Dalanın infrastrukturu yenidən qurulub

Məmməd Rzayev bildirib ki, 1981–1987-ci illərdə inşa edilən dalan yolunun konstruksiya izolyasiyası 20 ildən artıq istismar müddətində qrunt suları və torpaq eroziyası səbəbindən sıradan çıxıb, konstruksiyalar güclü korroziyaya məruz qalıb.

Aparılan kompleks yenidənqurma işləri çərçivəsində tavan istisna olmaqla, ümumi uzunluğu 1 kilometrə yaxın olan dalanın bütün infrastrukturu sökülərək yenidən inşa edilib. Altı vaqonlu qatarların qəbulunu təmin etmək məqsədilə hər yolun uzunluğu 20 metr artırılıb.

Bundan başqa, rabitə və elektrik təchizatı, fiber-optik kabellər, yanğın mühafizəsi, videomüşahidə, sanitariya, su-kanalizasiya və havalandırma sistemləri tamamilə yenilənib.

Qeyd edək ki, “Həzi Aslanov” stansiyasının dalanında dayanıqlılığın artırılması layihəsi 2025–2030-cu illər üzrə Dövlət Proqramının icrasına dair tədbirlər planı çərçivəsində həyata keçirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir