“Minaların təmizlənməsi onilliklər tələb edir”-İqnasio Kassis

“Minaların təmizlənməsi onilliklər tələb edir”-İqnasio Kassis

Azərbaycanda minaların təmizlənməsi uzun illər davam edəcək və bu, ölkənin qarşısında duran ən ciddi humanitar problemlərdən biridir.

Bunu İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Kassis qeyd edib ki, minalar insanların təhlükəsizliyi, doğma yurdlarına qayıdışı və normal həyata qovuşması üçün ciddi maneə yaradır.

“Minalar çox böyük problemdir. Onların təmizlənməsi onilliklər tələb edir. Torpaqların yenidən kənd təsərrüfatı üçün istifadəsi, insanların öz evlərinə qayıtması və uşaqların təhlükəsiz şəkildə oynaması üçün minaların tamamilə təmizlənməsi vacibdir”, – deyə o vurğulayıb.

İsveçrəli nazir ölkəsinin humanitar minatəmizləmə sahəsinə xüsusi önəm verdiyini bildirərək, Ukraynada bu məqsədlə 100 milyon İsveçrə frankı ayırdıqlarını və bu sahədə üçüncü ən böyük donor olduqlarını xatırladıb.

O əlavə edib ki, hazırda ATƏT ilə Azərbaycan arasında bu istiqamətdə konkret layihələr barədə məlumat vermək mümkün olmasa da, humanitar minatəmizləmənin təşkilat üçün prioritet məsələlərdən biri olduğunu qeyd edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir