Müəllimlərə ŞAD XƏBƏR: İki, hətta üç məktəbdə işləmək mümkün olacaq

Müəllimlərə ŞAD XƏBƏR: İki, hətta üç məktəbdə işləmək mümkün olacaq

Azərbaycanda müəllimlərin eyni vaxtda bir neçə məktəbdə çalışması ilə bağlı imkanlar mövcuddur. Qanunvericiliyə əsasən, təhsilverənlər əsas iş yerlərindən əlavə, başqa ümumi təhsil müəssisəsində də fəaliyyət göstərə bilərlər.

Xəbər Yerində Modern.az-a istinadən xəbər verir ki, təhsil eksperti Elmin Nuri müəllimlərin iki məktəbdə işləməsi ilə bağlı mövcud qaydaları açıqlayıb.

Onun sözlərinə görə, müəllimlər əlavə iş yerində əsasən müddətli əmək müqaviləsi ilə fəaliyyət göstərirlər. Məktəblərdə boş dərs saatlarının olduğunu bilən pedaqoqlar həmin təhsil müəssisələrinə müraciət edə və müəyyən edilmiş cədvəl əsasında dərs deyə bilərlər.

Ekspert bildirib ki, xüsusilə kənd məktəblərində müəllim çatışmazlığının aradan qaldırılması üçün daha geniş imkanların yaradılması gündəmdədir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədri Eşqi Bağırov da daha əvvəl açıqlamasında kənd məktəblərində çalışan müəllimlərə bəzi hallarda hətta üç məktəbdə işləmək imkanının verilə biləcəyini bildirmişdi.

Elmin Nurinin fikrincə, bu imkanın yaradılmasının əsas səbəblərindən biri müəllim çatışmazlığından yaranan ehtiyacdır. Eyni zamanda məsələ müəyyən sosial öhdəliklərlə də əlaqəlidir.

Bəzi müəllimlər az saat işləyir

Təhsil eksperti Elçin Əfəndi isə müəllimlərin bir qisminin məktəbdə cəmi 5-6 dərs saatı ilə çalışdığını, günün qalan hissəsində isə repetitorluq etdiyini deyib.

Onun sözlərinə görə, repetitorluqdan daha çox gəlir əldə edən bəzi müəllimlər məktəbdə daha çox dərs saatı götürməkdə maraqlı olmurlar. Bu vəziyyət isə digər müəllimlərin vakant yerləri tutmasına da təsir göstərir.

Elçin Əfəndi qeyd edib ki, bəzi vakansiyalarda dərs saatlarının az olması həmin yerlərə müraciət edənlərin sayını aşağı salır. Xüsusilə 6-8 dərs saatı olan vakansiyalarda əməkhaqqının az olması səbəbindən müəllimlər Müəllimlərin İşə Qəbulu imtahanında iştirak etsələr belə, həmin vakansiyaları seçmirlər.

Müəllimlər başqa sahələrdə də çalışırlar

Ekspert əlavə edib ki, bəzi müəllimlər məktəbdəki fəaliyyətləri ilə yanaşı, ailələrinin maddi vəziyyətini yaxşılaşdırmaq üçün başqa sahələrdə də işləyirlər.

Elçin Əfəndinin fikrincə, bu müəllimlərin vəziyyəti repetitorluq edənlərlə müqayisədə daha anlaşılandır. Çünki məktəbdə cəmi 5-6 saat çalışan və əsas fəaliyyətini repetitorluğa yönəldən müəllimlərin bu seçimi müəyyən hallarda təhsil müəssisələrində müəllim çatışmazlığının yaranmasına səbəb olur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir