“Xəbər Yerində” Musavat.com-a istinadən xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko Rusiyaya güzəştə getmək və Moskva ilə sülh danışıqlarına başlamaq çağırışlarından sonra mənsub olduğu “Avropa Həmrəyliyi” fraksiyasından xaric edilib.
Partiyanın mətbuat xidməti bununla bağlı rəsmi bəyanat yayıb.
Bildirilib ki, siyasi müzakirələrə açıq olsalar da, Ukraynanın strateji kursu və təməl dəyərləri müzakirə mövzusu ola bilməz. Bunlara güclü ordu, Ukrayna dili, müstəqil kilsə, həmçinin Avropa İttifaqı və NATO-ya üzvlük daxildir.
Partiya Qonçarenkonun son açıqlamalarının fraksiyanın ideoloji prinsiplərinə kökündən zidd olduğunu vurğulayıb.
Qonçarenko nə deyib?
Deputat sosial şəbəkə hesabında müharibənin davam etdirilməsinin Ukrayna üçün fəlakət olduğunu bildirib.
Qonçarenko Ukraynanın müharibəni uduzduğunu, böyük insan itkiləri verdiyini və iqtisadiyyatın ciddi zərər gördüyünü iddia edib.
O, Rusiya ilə neytrallıq məsələsinin, NATO-dan imtinanın, sanksiyaların ləğvinin, rus dilinin və kilsəsinin statusunun, eləcə də Donbas məsələsinin müzakirə edilməli olduğunu deyib.
Deputatın bu açıqlamaları Ukrayna ictimaiyyətində ciddi narazılıq yaradıb. Rusiya mediası isə Qonçarenkonun sözlərini geniş şəkildə yayaraq bunu Kiyevin təslim mövqeyinə keçməsinin göstəricisi kimi təqdim edib.

