Nərimanov rayonunda şəhərsalma və yenidənqurma layihələri çərçivəsində ilkin mərhələdə 15 binanın sökülməsi nəzərdə tutulur.
“Xəbər Yerində” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu AQC İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, hazırda söküləcək binaların tam siyahısını açıqlamaq mümkün deyil. Buna səbəb dövlət proqramı çərçivəsində nəzərdə tutulan layihələrin rayonla tam şəkildə paylaşılmamasıdır.
Məlumata görə, söküntü və yenidənqurma işlərinin əsasən Nazim Hacıyev küçəsi, Montin, Keşlə, Təbriz küçəsi, Ağa Nemətulla küçəsi, Fətəli xan Xoyski prospekti və Mayakovski küçəsi istiqamətlərini əhatə etməsi planlaşdırılır.
İlkin mərhələdə texniki vəziyyəti qənaətbəxş olmayan və qəzalı binalara üstünlük veriləcək. Söküntülərlə yanaşı, ərazilərdə abadlıq və yeni tikinti işlərinin də aparılması nəzərdə tutulur.
Vüqar Oruc bildirib ki, Ağa Nemətulla və Təbriz küçələrində, həmçinin metro ətrafında artıq müəyyən yenidənqurma işləri həyata keçirilib. Mövcud layihələr başa çatdıqdan sonra rayonun ayrı-ayrı hissələrinin kompleks şəkildə yenilənməsi planlaşdırılır.
Qeyd edilib ki, işlər Bakı şəhərinin Baş Planı – 2040 çərçivəsində həyata keçiriləcək. İlkin mərhələdə 15 binanın sökülməsi nəzərdə tutulsa da, gələcəkdə yenidənqurma prosesinin digər əraziləri də əhatə edəcəyi gözlənilir.

