İsraildə keçirilən parlament seçkilərində səslərin hesablanması davam etdikcə Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blokun mandat sayı artır.
Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, İsrail Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, seçki qutularının 32,5%-dəki səslər hesablanıb.
Hazırkı nəticələrə görə, Netanyahunu dəstəkləyən partiyalar bloku 120 yerlik Knessetdə 59, ona qarşı çıxan müxalifət bloku isə 46 mandat əldə edir.
Qeyd olunur ki, səslərin hesablanmasının əvvəlki mərhələsində Netanyahunun blokuna parlamentdə çoxluq qazandıran nəticələr qeydə alınmışdı. Lakin sonrakı hesablamalar mandat bölgüsünü dəyişib.
Baş nazir yenilənmiş nəticələrdən sonra tərəfdarları ilə birlikdə seçkiləri qeyd etsə də, hələlik qələbəsini elan etməyib.
Məlumata görə, hazırda üç siyasi qüvvə parlamentə düşmək üçün tələb olunan 3,25 faizlik seçki baryerini keçə bilmir. Belə ki, Rezervistlər Partiyası 2,7%, “People of Israel” 1,8%, “Haredi Public” isə 0,3% səs toplayıb.
Bununla belə, açıqlanan göstəricilər yekun nəticələr deyil və səslərin hesablanması davam etdikcə dəyişə bilər.
Xüsusilə hərbi qulluqçuların səsləri də daxil olmaqla, sonradan hesablanacaq bülletenlərin nəticələrə təsir edəcəyi gözlənilir.
Xatırladaq ki, İsraildə hökuməti formalaşdırmaq üçün 120 yerlik Knessetdə ən azı 61 deputatın dəstəyi tələb olunur.

