Kim Çen Inın ölüm xəbərini kim yaydı? Şayiənin mənbəyi bəlli oldu
Şimali Koreya lideri Kim Çen Inın vəfat etməsi və ya komaya düşməsi ilə bağlı yayılan məlumatlar gündəmdə qalmaqda davam edir. Pxenyan isə bu iddiaların fonunda liderin ictimai tədbirdə iştirak etdiyini əks etdirən fotolar yayımlayıb.
Xəbər Yerində Unikal.az-a istinadən xəbər verir ki, Şimali Koreya Dövlət Televiziyasının yayımladığı görüntülərdə 42 yaşlı Kim Çen In geyim və ayaqqabı sərgisində iştirak edərkən əks olunub. Onun sağlam və gümrah görünməsi ölüm xəbərləri ətrafında müzakirələri yenidən gündəmə gətirib.
Bəs Şimali Koreya liderinin ölümü barədə iddianı ilk kim yayıb?
Məlumata əsasən, bu şayiənin ilkin mənbələrindən biri ABŞ-də yaşayan Çin dissidenti, Çin Demokratiya Partiyasının sədri Vanjun Se olub. O, “X” sosial şəbəkəsində Kim Çen Inın ağır beyin qanaması keçirərək komaya düşdüyü barədə iddia paylaşıb.
Vanjun Se paylaşımında Pekin Birlik Tibb Kolleci Xəstəxanasından bir qrup həkimin Şimali Koreyaya göndərildiyini, daha sonra isə Kim Çen Inın müalicə üçün Pekinə aparıldığını iddia edib. O, həmçinin Şimali Koreya liderinin aldığı xəsarətlər nəticəsində öldüyünü və cəsədinin gizli şəkildə ölkəsinə qaytarıldığını yazıb.
Lakin bu iddialar rəsmi şəkildə təsdiqlənməyib. Nə Çin, nə də Şimali Koreya rəhbərliyi Kim Çen Inın vəfat etməsi barədə məlumat yayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlar təsdiqlənmiş fakt kimi qəbul edilməməlidir. Şimali Koreya televiziyasının yayımladığı sərgi görüntüləri isə liderin ölümü ilə bağlı şayiələrin fonunda diqqət çəkib.

