Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı qəsdən məhv etmə cinayətlərində təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Xəbər Yerində xəbər verir ki, Oxu.Az-a istinadən məlumat yayıb.
Sonuncu məhkəmə iclasında qərar elan edilib və apellyasiya şikayəti təmin olunmayıb.
Ülfət Höccətov xüsusi amansızlıqla öldürülüb
İstintaq materiallarına əsasən, hadisə 2021-ci il iyulun 9-da Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. Emin Ramazanovun atası Cahangir Ramazanlı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qisas məqsədilə fərdi yaşayış evlərindən birində Ülfət Höccətova çoxsaylı bıçaq xəsarətləri yetirərək onu xüsusi amansızlıqla qəsdən öldürməkdə şübhəli bilindiyi bildirilib.
İstintaqın məlumatına görə, hadisədən sonra zərərçəkmiş şəxsin meyitinin üzərinə, eləcə də evin otağına və dəhlizinə dizel yanacağı tökülərək yanğın törədilib. Nəticədə əmlaka külli miqdarda ziyan vurulub.
Toplanmış sübutlar əsasında 2022-ci il mayın 21-də Cahangir Ramazanlıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri — qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla qəsdən adam öldürmə, həmçinin 186.2.1 və 186.2.2-ci maddələri — zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə üzrə yekun ittiham elan edilib.
Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Emin Ramazanov 19 il həbs cəzası alıb
Həmin cinayət işindən ayrıca icraata ayrılmış iş üzrə Emin Ramazanov da Cinayət Məcəlləsinin 120.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində axtarış elan olunub və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri nəticəsində 2025-ci il mayın 20-də axtarışda olan Emin Ramazanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona da Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə yekun ittiham elan olunub və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə Emin Ramazanov 19 il müddətinə azadlıqdan məhrum edilib. Qərara əsasən, o, cəzasının 3 ilini həbsxanada, qalan 16 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Özünü “peyğəmbər” elan etməsi ilə gündəmə gəlmişdi
Emin Ramazanov saxlanılana qədər mediada bir sıra saytlarda çalışıb və özünü baş redaktor kimi təqdim edib. Sonradan özünü “peyğəmbər” elan etməsi, onkoloji xəstələri üç saata müalicə edə bildiyini və əllərində bioenerji olduğunu iddia etməsi ilə gündəmə gəlib.
Sosial şəbəkələrdə onun xüsusi libas geyinərək ritual həyata keçirməsi və həmin vaxt “müalicə etdiyi” qadının huşunu itirməsi ilə bağlı görüntülər də yayılıb.

