Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakının Nəsimi rayonunda həyat yoldaşını döyən kişi məhkəmə qarşısına çıxarılıb.
Məlumata görə, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbələr endirib.
Nəticədə qadının sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrində iri ölçülü dərialtı hematomalar yaranıb. Həmçinin ağrı və şişkinlik səbəbindən gicgah-çənə oynağının hərəkət funksiyası məhdudlaşıb.
Qadının həkimə müraciətindən sonra əri barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Paltaryuyanın səsi üstündə mübahisə
İş materiallarından məlum olub ki, hadisə gecə saat 00:15 radələrində ailənin yaşadığı evdə baş verib.
Belə ki, 57 yaşlı kişi yatarkən paltaryuyanın səsindən narahat olub. O, həyat yoldaşından qışqıraraq cihazın səsini kəsməsini tələb edib. Daha sonra qadına hücum edərək yumruqla zərbə endirib.
Cinayət işinin materialları Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə zərərçəkmiş qadın həyat yoldaşı ilə barışdığını, aralarındakı narazılığın həll edildiyini və şikayətinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsindəki cinayət təqibinə xitam verilib.

