Panamada yer yarıldı, binalar zədələndi – 7,7 bal gücündə zəlzələ

Panamada yer yarıldı, binalar zədələndi – 7,7 bal gücündə zəlzələ

Xəbər Yerində “Haberler”ə istinadən xəbər verir ki, Panamada oktyabrın 9-da baş verən 7,7 bal gücündə zəlzələdən sonra ölkə üzrə Milli Fövqəladə Vəziyyət elan edilib.

Yeraltı təkanlar nəticəsində azı 27 nəfər xəsarət alıb, yüzlərlə yaşayış evi, məktəb və tarixi tikiliyə ziyan dəyib. Hökumət zəlzələnin fəsadlarının aradan qaldırılması üçün 100 milyon dollara qədər vəsait ayıracağını açıqlayıb.

426 ev və 419 təhsil müəssisəsinə ziyan dəyib

Panama hökumətinin ilkin araşdırmaları zamanı 426 yaşayış evi və 419 məktəb və təhsil mərkəzində zərər aşkarlanıb.

Məlumata görə, ümumilikdə 2 130 nəfərin yaşadığı evlərdə yüngül çatlarla yanaşı, ciddi dağıntılar da qeydə alınıb.

Evləri yaşayış üçün yararsız vəziyyətə düşən ailələrə təcili yardım göstərilir. Zərər görən evlərin təmiri və yeni yaşayış binalarının tikintisi ilə bağlı işlərə başlanılıb.

Təhsil naziri Ventura Veqanın oktyabrın 12-dən başlayacaq həftədə hansı ərazilərdə ənənəvi təhsilin davam etdiriləcəyini, hansı bölgələrdə isə dərslərin dayandırılacağını açıqlaması gözlənilir.

Zəlzələyə 100 milyon dollara qədər vəsait ayrılacaq

Nazirlər Kabinetinin katibi Xuan Karlos Orilyak fövqəladə hökumət iclasından sonra keçirilən brifinqdə zəlzələnin nəticələri barədə məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində azı 27 nəfər xəsarət alıb.

Orilyak zərərin aradan qaldırılması və təcili ehtiyacların qarşılanması üçün 100 milyon dollara qədər vəsait ayrılacağını açıqlayıb.

İqtisadiyyat və Maliyyə naziri Felipe Çepmen isə ölkənin zəlzələnin vurduğu zərərin qarşılanması və təcili ehtiyacların ödənilməsi üçün kifayət qədər maliyyə imkanına malik olduğunu bildirib.

Tarixi kilsənin zəng qülləsi yola uçdu

Zəlzələ Panamanın tarixi abidələrinə də ciddi ziyan vurub.

Los Santos əyalətində yerləşən San Atanasio kilsəsinin zəng qülləsinin üst hissəsi yola uçub. Kilsənin divarlarında dərin çatlar yaranıb. Təhlükəsizlik səbəbilə əraziyə giriş məhdudlaşdırılıb.

Bildirilib ki, beş əyalətdə azı 13 kilsəyə ziyan dəyib.

Penonome şəhərindəki San Juan Bautista katedralında da zəlzələ zamanı dağıntı baş verib. Hadisə zamanı rahiblər və bölgənin yepiskopu Edqardo Sedeno iclas keçirirmiş. Katedralın iki qülləsindən biri uçub.

Tarixçi Manuel Moreno Arosemena San Atanasio kilsəsinin yerli əhali üçün böyük mənəvi və emosional əhəmiyyət daşıyan simvol olduğunu bildirib.

100-dən çox afterşok qeydə alınıb

Güclü zəlzələdən sonra 100-dən çox afterşok baş verib.

Yeni təkanlardan ehtiyat edən sakinlərin bir hissəsi gecəni parklarda və küçələrdə keçirib.

Hazırda xüsusilə Herrera, Los Santos və Veraguas əyalətlərində zərərin qiymətləndirilməsi və axtarış-xilasetmə işləri davam etdirilir.

Sakit okean sahilləri üçün sunami xəbərdarlığı verildi

ABŞ Geoloji Xidməti (USGS) oktyabrın 9-da yerli vaxtla saat 12:56-da baş verən zəlzələnin 7,7 bal gücündə olduğunu açıqlayıb.

Təxminən 10 kilometr dərinlikdə baş verən zəlzələ paytaxt Panama-Sitidə də hiss olunub.

Zəlzələdən sonra Sakit okean sahilində yerləşən bəzi ərazilər üçün sunami xəbərdarlığı edilib.

Panama Prezidenti Xose Raul Mulino isə əhaliyə sakitliyi qorumaq çağırışı edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir