Paşazadə: “Hicab məsələsindən istifadə edərək xalqı etiraza qaldırmaq istəyirlər”

Paşazadə: “Hicab məsələsindən istifadə edərək xalqı etiraza qaldırmaq istəyirlər”

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə məktəblərdə vahid geyim qaydaları ətrafında yaranan müzakirələrə münasibət bildirib.

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, o, “Real TV”yə müsahibəsində bəzi şəxslərin insanların dini və mənəvi dəyərlərindən istifadə edərək onları dövlətə qarşı yönəltməyə çalışdığını deyib.

Şeyxülislam vurğulayıb ki, məktəbli geyimi ilə bağlı qərarda hicabın qadağan olunmasından söhbət getmir.

“Bunun adını hicab qoyurlar. Amma alınan qərarda hicab sözü yoxdur, vahid məktəbli geyimi var. Buna hicab adı qoyurlar ki, daha təsirli olsun. Müsəlmanlara təsir göstərsinlər. Bu da məqsədli şəkildədir. Mən inanıram ki, bu məsələ də haradasa Təhsil Nazirliyi vasitəsilə həll olunacaq”, – deyə A.Paşazadə bildirib.

“Bütün dindarlar dövlətimizi dəstəkləməlidir”

QMİ sədri bildirib ki, dindarlar dövlətin yanında olmalı, dövlətçiliyi dəstəkləməlidirlər. Onun sözlərinə görə, mövcud müzakirələrin dini məsələdən çıxarılaraq dövlətə qarşı siyasi mübarizə vasitəsinə çevrilməsi qəbuledilməzdir.

“Bu dövlət bizə şəhidlərin, şəhid analarının əmanətidir. Bəzi şəhid ailələrindən istifadə edirlər, onları yönəldirlər. Onlar bilsinlər ki, bizim dövlətə heç nə olmayacaq. Xaricdəkilər də bilsin ki, bizim dövlətimiz yaşayacaq”, – deyə Şeyxülislam qeyd edib.

“Qarşıdurma yaratmaq istəyənlər heç nəyə nail ola bilməyəcəklər”

Allahşükür Paşazadə hicab məsələsindən istifadə etməklə insanları etiraza səsləmək cəhdlərini qəbuledilməz adlandırıb. O, bu məsələnin dövlətlə dindarlar arasında qarşıdurma yaratmaq məqsədilə gündəmə gətirildiyini düşündüyünü bildirib.

Şeyxülislam dindarlara səbirli olmağa çağırıb və cəmiyyətdə süni qarşıdurma yaradılmasına imkan verilməməsinin vacibliyini vurğulayıb.

“Bir daha o adamlara müraciət edirəm, əbəs yerə zəhmət çəkməsinlər, qarşıdurma yaratmaq istəməsinlər, heç bir şeyə nail ola bilməzlər. Mən buna inanıram. Ona görə də mən bizim dindarlara da müraciət edirəm ki, səbirli olsunlar. Bu hadisəni qarşıdurmaya gətirib çıxarıblar. Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər. Bu, yoxdur. Yox olan yerdən bir şey yaratmaq istəyirlər. Bizim dindarlar öz dövlətini, dövlətçiliyini istəyən adamlardır”, – deyə A.Paşazadə əlavə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir