Paşazadə: “Azərbaycanda hicab qadağan olunmayıb”

Paşazadə: “Azərbaycanda hicab qadağan olunmayıb”

“Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır”.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə “Real TV”yə müsahibəsində deyib.

Şeyxülislam bildirib ki, dövlətin qəbul etdiyi qərarlara qarşı çıxmaq mövqeyində deyillər, lakin vətəndaş olaraq fikirlərini ifadə edə bilərlər.

O, hicab məsələsinin əvvəllər də müzakirəyə çıxarıldığını xatırladaraq, bunun müzakirə mövzusuna çevrilməməli olduğunu düşündüyünü vurğulayıb.

“Hicab Allahın bizə göndərdiyi vacib məsələdir. Onun necə, nə cür, hansı yaşda müsəlmanlar tərəfindən istifadə edilməsini alimlər bilirlər. Məktəbli formaları ilə bağlı qaydalarda hicab yazılmayıb, həmçinin Azərbaycanda da hicab qadağan olunmayıb. Azərbaycanda hicabın qadağan olunmasını mən heç yerdə görmürəm”, – deyə A.Paşazadə bildirib.

“Əvvəlcədən məsləhətləşmə ola bilərdi”

QMİ sədri dövlət məktəblərində geyim qaydaları ilə bağlı qərarın qəbulundan əvvəl məsləhətləşmələrin aparılmamasından təəssüfləndiyini bildirib.

Onun sözlərinə görə, mədrəsələrdə və dini təhsil müəssisələrində hicablı uşaqlar təhsil alırlar. Bununla belə, dövlət məktəblərində geyimlə bağlı ayrıca qərar qəbul edilib.

A.Paşazadə hesab edir ki, məsələni düzgün anlamayan və ya anlamaq istəməyən şəxslər yaranmış vəziyyətdən istifadə edirlər. Onun fikrincə, bəzi qüvvələr Azərbaycanda İslama və müsəlmanlara təzyiq göstərildiyi barədə həm ölkə daxilində, həm də xaricdə fikirlər yaymağa çalışırlar.

Şeyxülislam qeyd edib ki, məktəbli geyimi məsələsinin siyasiləşdirilməsi, dövlətçiliyə qarşı çıxışlar üçün istifadə edilməsi və insanların dövlətə qarşı yönləndirilməsi qəbuledilməzdir.

O, Azərbaycanın müstəqilliyinin bərpası uğrunda insanların canlarından və qanlarından keçdiyini də xatırladıb.

“Azərbaycanı örnək kimi görürlər”

A.Paşazadə müxtəlif ölkələrdə səfərlərdə olduğunu və Dünya Müsəlmanlarının Ağsaqqallar Şurasının üzvü olduğunu bildirib.

Şeyxülislamın sözlərinə görə, Azərbaycanda yaradılan şərait ölkənin beynəlxalq müstəvidə nümunə kimi təqdim olunmasına imkan verir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir