“Xəbər Yerində” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Ermənistanda saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevin tutulması ilə bağlı açıqlama verib.
Paşinyan bildirib ki, əlində avtomat olan Azərbaycan əsgəri saxlanılarkən heç bir müqavimət göstərməyib və onun, başa düşdüyü qədərilə, xəsarət aldığı barədə məlumatı var.
Saxlanma görüntüləri niyə yayımlanmayıb?
Ermənistanın Baş naziri Nəsimi Musayevin saxlanılması anının görüntülərinin yayımlanmamasının məhz onun xəsarət alması ilə əlaqəli ola biləcəyini istisna etməyib.
Paşinyan saxlanılma zamanı çəkiliş aparılıb-aparılmadığını dəqiq bilmədiyini söyləyib. O, məsələni dəqiqləşdirərək əlavə məlumat verəcəyini bildirib.
Baş nazir, həmçinin hüquq-mühafizə orqanlarında çalışan həmkarlarından insanların saxlanılması prosesinə aid görüntülərin yayımlanmasından çəkinmələrini xahiş etdiyini etiraf edib.
“Bu hadisənin spekulyasiyalarla əlaqəsi yoxdur”
Paşinyan çıxışında hadisənin milliyyət üzərindən müzakirə olunmasına da münasibət bildirib.
O, erməni, türk və azərbaycanlı ifadələrinin hadisə ilə bağlı daim önə çəkilməsinin məqsədini sual edib və bunun nə verdiyini soruşub.
Baş nazir bildirib ki, hadisənin Ermənistan mətbuatında müşahidə olunan spekulyasiyalarla əlaqəsi yoxdur. Onun sözlərinə görə, bəzi şəxslər bu hadisədən sonra bərqərar olmuş sülhü şübhə altına alırlar.
Erməni kanallarından fərqli iddia
Qeyd edək ki, erməni teleqram kanallarında Nəsimi Musayevin Ermənistan ərazisində aşkar edilərkən guya yerli sakinə xəsarət yetirdiyi barədə iddialar yayılmışdı.
Paşinyanın parlamentdəki açıqlamasında isə Nəsimi Musayevin saxlanılarkən müqavimət göstərmədiyi bildirilib.

