Paşinyanın videosundakı Azərbaycan mahnısı ilə bağlı açıqlama

Paşinyanın videosundakı Azərbaycan mahnısı ilə bağlı açıqlama

Ermənistanın baş naziri Nikol Paşinyanın Türkmənistanda velosiped sürərkən Azərbaycan mahnısının sədaları altında video paylaşması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Tənqidlərdən sonra baş nazirin mətbuat xidməti məsələ ilə bağlı açıqlama yayıb.

Xəbər Yerində Sərhəd.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Factor.am” nəşri məlumat yayıb.

Baş nazirin mətbuat xidmətindən bildirilib ki, videoda eşidilən musiqi Paşinyanın özü tərəfindən seçilməyib, Türkmənbaşı şəhərindəki fəvvarələrdən səslənib.

“Baş nazirin paylaşımında eşidilən musiqi fəvvarələrdən gəlir və fəvvarələrin musiqisidir. Video səhər saat 05:30-da çəkilib. Baş nazirin diqqətini də məhz həmin vaxt fəvvarələrin musiqi sədaları altında işləməsi cəlb edib”, – deyə açıqlamada vurğulanıb.

Xatırladaq ki, Nikol Paşinyan Türkmənbaşı şəhərində velosiped sürərkən çəkdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. O, izləyicilərinə “Sabahınız xeyir, gününüz xoş keçsin, hamınızı sevirəm” sözləri ilə müraciət edib.

Videonun fonunda azərbaycanlı müğənni Zeynəb Həsəninin ifa etdiyi “Aram-aram” mahnısı eşidilib. 2023-cü ilin noyabrında yayımlanan mahnı Paşinyanın paylaşımından sonra həm Azərbaycan, həm də Ermənistan sosial şəbəkələrində müzakirələrə yol açıb.

Qeyd edək ki, Paşinyan Türkmənistanda MDB ölkələrinin liderlərinin sammitində iştirak edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir