Xəbər Yerində xəbər verir ki, Oman vətəndaşı Həməd əl-Hamami İsraildə eniş icazəsini gözlədikdən sonra idarə etdiyi təyyarəni hava limanının terminalına yönəltməyi planlaşdırıb.
12-ci kanal bu barədə onun dindirilməsi zamanı verdiyi məlumatlara istinadən xəbər yayıb.
Hücuma aylarla hazırlaşıb
İstintaqın məlumatına görə, əl-Hamami hücuma bir neçə ay ərzində hazırlaşıb. O, iyun ayında reyslərdən biri zamanı hava limanında məlumat toplayıb. Bundan əvvəl isə Təl-Əvivə uçuş həyata keçirən reyslərdən birini seçməyə çalışıb.
Şübhəli şəxs müstəntiqlərə əsas məqsədinin “Ben-Quriona çırpılmaq” olduğunu bildirib.
Kapitan və sərnişinlər müdaxilə edib
Hadisə zamanı kapitan Smit Maçxar ağır yaralanmasına baxmayaraq, kabinənin qapısını açıb. Bundan sonra sərnişinlər və digər pilotlar kabinəyə daxil olaraq hücum edəni zərərsizləşdirə biliblər.
Kapitanın və sərnişinlərin müdaxiləsinin yüzlərlə insanın həyatına son qoya biləcək böyük faciənin qarşısını almağa kömək etdiyi bildirilir.
Radikal baxışlarına görə uçuşlardan uzaqlaşdırılıb
Məlumata görə, əl-Hamami daha əvvəl radikal baxışlarına görə dövlətə məxsus “Oman Air” aviaşirkətində uçuşlardan uzaqlaşdırılıb.
Lakin “The Wall Street Journal”ın yazdığına görə, “FlyDubai” aviaşirkəti bu barədə məlumatlandırılmayıb.
Hadisədən sonra İsrailin Baş naziri “FlyDubai” reysində baş verən insidentlə əlaqədar ölkəyə həyata keçirilən xarici hava daşımalarının təhlükəsizliyinin hərtərəfli yoxlanılması barədə göstəriş verib.

