Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər.
“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verib.
İllik istehsal gücü 150 min ton olacaq
Bildirilib ki, “Azərsun Holdinq” tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan müəssisədə qazlı və qazsız sular, soyuq çay, meyvə tərkibli, vitaminli və azkalorili içkilər istehsal ediləcək.
10 hektar ərazini əhatə edən zavodun illik istehsal gücü 150 min ton təşkil edir. Burada istehsal olunacaq məhsulların həm daxili bazara çıxarılması, həm də xarici ölkələrə ixracı planlaşdırılır.
Müəssisədə İtaliya istehsalı olan müasir avadanlıqlar quraşdırılıb. İstehsal prosesi suyun təmizlənməsi, şərbətin hazırlanması, qarışdırma, qazlaşdırma, məhsulların plastik butulkalara və şəffaf qida qablarına doldurulması, qapaqlanması, etiketlənməsi və qablaşdırılması mərhələlərindən ibarətdir.
Layihəyə 70 milyon manat investisiya yatırılıb
Müəssisənin yaradılması üçün ümumilikdə 70 milyon manat vəsait sərf olunub.
Layihənin maliyyələşdirilməsində özəl vəsaitlər və bank kreditləri ilə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) dəstəyindən də istifadə edilib.
Belə ki, layihəyə 5 milyon manat güzəştli kredit ayrılıb. Bundan əlavə, daha 5 milyon manat kredit üzrə zəmanət və faiz subsidiyası mexanizmi tətbiq olunub.
Müəssisədə 300 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, zavodun fəaliyyətə başlaması Şərqi Zəngəzur iqtisadi rayonunda qida sənayesinin inkişafına, yeni iş yerlərinin yaradılmasına və əhalinin məşğulluğunun artırılmasına töhfə verəcək. Layihənin ölkənin ixrac potensialının genişləndirilməsində də mühüm rol oynayacağı gözlənilir.










