Xəbər Yerində Axşam.az-a istinadən xəbər verir ki, 2023-cü ildə Abşeron rayonunun Novxanı kəndindəki bağ evində qətlə yetirilən plastik cərrah Türkan Gündüzün qızı Həlimə atalığı Muhammet Gündüzdən şikayətçi olduğunu bildirib.
Həlimə videoaçıqlama yayaraq hazırda həbsdə olan atalığının onu narahat etdiyini deyib. O, Muhammet Gündüzün anasından qalan əmlakları onun əlindən almağa çalışdığını iddia edib.
“3 ildir bilmirəm anamın acısını yaşayım, yoxsa məktəbimi oxuyum”
Həlimə bildirib ki, yaşadığı problemlərlə bağlı uzun müddət ictimaiyyətə müraciət etməyib. Onun sözlərinə görə, son üç ildə həm anasının ölümü ilə bağlı ağrı ilə, həm də hüquqi məsələlərlə mübarizə aparmalı olub.
“20 yaşımla illərdir nələr yaşadım. Vəkillərinin qanunsuz etdikləri ilə mübarizə apardım. Üç ildir bilmirəm anamın acısını yaşayım, yoxsa məktəbimi oxuyum. Anamın istədiyi kimi məktəbimi oxuyub qurtarmağa çalışıram. Azərbaycanda xeyirxah bir həkim olmağa çalışıram”, – deyə Həlimə bildirib.
O, atasının və onun ilk evliliyindən olan qızı Büşranın kirayəyə verdiyi əmlaklarla bağlı ona maneələr yaratdığını iddia edib. Həlimənin sözlərinə görə, kirayəçiləri vəkil vasitəsilə narahat edilir.
“Mən haradan pul qazanmalıyam?”
Həlimə bildirib ki, gəlir əldə etdiyi iki mənbə Türkiyə və Azərbaycandadır. Onun sözlərinə görə, bu sahədə də qarşısına maneələr çıxarılır.
“Mən haradan pul qazanmalıyam? İki yerdən qazancım var: Türkiyədən və Azərbaycandan. Ancaq bunlar imkan vermirlər”, – deyə o bildirib.
Həlimə həmçinin atalığı ilə bağlı daha bir iddia səsləndirib və onun özü ilə bacısı Sibelə zərər verməklə bağlı ifadə işlətdiyini bildirib.
“Anamdan qalan mirasları ələ keçirmək istəyir”
Şikayətçi iddia edib ki, Muhammet Gündüz mərhum Türkan Gündüzdən qalan mirasın bir hissəsini öz qızının adına keçirməyə çalışır.
“Anamı öldürüb mənə dağ çəkməsi yetmirmiş kimi, ondan qalan mirasları öz qızının adından ələ keçirmək istəyir. Halbuki anamı elə balaca bacımın gözləri qarşısında öldürmüşdü, o hər şeyi görmüşdü, aylarla danışa bilmirdi qorxusundan. İndi də anamdan qalan əmlakdan aldığımız pulu bizə çox görür”, – deyə Həlimə söyləyib.
O, həmçinin anası ilə atalığının nikahı dövründə əldə edilən əmlakların bölüşdürülməsini ədalətsiz hesab etdiyini bildirib.



Türkan Gündüz kim idi?
Qeyd edək ki, Türkan Gündüz ixtisaslı plastik cərrah və koloproktoloq olub. O, bir sıra tanınmış klinikalarda, həmçinin Türkiyənin “Acıbadem” xəstəxanasında çalışıb. Həkimin Bakıda son iş yeri “City Hospital” klinikası olub.
Məlumata görə, Muhammet Gündüz biznes fəaliyyəti ilə məşğul olub. Onların hadisədən 14 il əvvəl ailə həyatı qurduğu bildirilib.
Muhammet Gündüz Türkan Gündüzün qətlində təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.

