Məhkəmə Qafar Abdullayevə 1 il 3 ay həbs, digər iki sabiq məmura isə cərimə kəsib
Qaradağ Rayon İcra Hakimiyyətində keçirilmiş antikorrupsiya əməliyyatı çərçivəsində cinayət məsuliyyətinə cəlb olunan daha üç vəzifəli şəxsin məhkəmə prosesi başa çatıb.
Xəbər Yerində xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda təqsirləndirilən şəxslər barəsində hökm elan olunub.
Məhkəmə qarşısında Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun baş məsləhətçisi İsa Şəmsəliyev və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Rəşad Nadirli dayanıb. Onlardan yalnız Qafar Abdullayev həbsdə olub.
Araşdırmalar zamanı müəyyən edilib ki, məmurlar rayon icra hakimiyyətinin keçmiş başçısı Süleyman Mikayılovun qərarlarına qanunsuz təsir göstərərək ayrı-ayrı şəxslərə pul müqabilində müəyyən işlərin görülməsinə şərait yaradıblar.
İş materiallarına əsasən, əsasən ev tikmək üçün torpaq sahəsinə yerləşmə cizgisinin təsdiqlənməsini istəyən şəxslərdən 3, 5 və 6 min manat məbləğində pul alınıb. Bundan sonra onlara icra başçısı tərəfindən təsdiqlənmiş sənədlər verilib.
Məhkəmədə məlum olub ki, bu işlərdə əsas rolu Qafar Abdullayev oynayıb. Onun sabiq icra başçısı Süleyman Mikayılovun uşaqlıq dostu olduğu və bir sıra məsələlərin həllini məhz onun həyata keçirdiyi bildirilib.
Təqsirləndirilən şəxslər isə sabiq icra başçısının qərarlarına qanunsuz təsir göstərdiklərini qəbul etməyiblər.
Məhkəmə nəticəsində hər üç şəxs nüfuz alverində təqsirli bilinib. Qafar Abdullayev 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. İsa Şəmsəliyev 10 min manat, Rəşad Nadirli isə 9 500 manat cərimə olunub.
Cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.
Qeyd edək ki, əməliyyatdan sonra Süleyman Mikayılov Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, daha əvvəl sözügedən cinayət işi üzrə istintaqa cəlb olunmadığını bildirmişdi.
Mənbə: Qafqazinfo

