“Xəbər Yerində” “Unikal”a istinadən xəbər verir ki, Qazaxıstan Mərkəzi Asiya dövlətləri və Azərbaycan tərəfindən süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlanmasını təklif edib.
Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib.
Süni intellekt sahəsində əməkdaşlıq proqramı təklif edildi
Tokayev qeyd edib ki, süni intellektin əhəmiyyəti əlavə izahat tələb etmir. O, Qazaxıstanın 2026-cı ili “Rəqəmsallaşdırma və Süni İntellekt İli” elan etdiyini xatırladıb.
Qazaxıstan Prezidenti bu sahənin əhəmiyyətini nəzərə alaraq, Mərkəzi Asiya ölkələri üçün süni intellekt sahəsində əməkdaşlıq proqramının hazırlanmasını təklif edib. Onun sözlərinə görə, bu proqram çərçivəsində tədqiqat mərkəzləri, universitetlər və texnologiya şirkətləri arasında məlumat və təcrübə mübadiləsinin aparılması mümkün olacaq.
“Texnoloji risklərə qarşı birgə yanaşmalar hazırlamalıyıq”
Tokayev süni intellekt texnologiyalarından təhlükəsiz istifadənin fundamental tələb olduğunu vurğulayıb.
O bildirib ki, məsələ artıq beynəlxalq səviyyədə geniş müzakirə olunur və birgə rəqəmsal siyasət ciddi beynəlxalq müzakirələrin mövzusuna çevrilib.
Qazaxıstan Prezidenti texnoloji risklər və texnologiyalar üzərində nəzarətin təmin olunması üçün ölkələrin birgə yanaşmalar hazırlamağa başlamalı olduğunu qeyd edib.
Tokayev bildirib ki, məhz bu yanaşmadan çıxış edərək Qazaxıstan Mərkəzi Asiya dövlətləri və Azərbaycanın iştirakı ilə süni intellektdən məsuliyyətli istifadə haqqında bəyannamə hazırlanmasını təklif edir.

