Qubadlıda ilk su elektrik stansiyası tikilir – 5,3 MVt gücündə olacaq

Qubadlıda ilk su elektrik stansiyası tikilir – 5,3 MVt gücündə olacaq

Xəbər Yerində Report-a istinadən xəbər verir ki, Qubadlı rayonunda Bərgüşad çayı üzərində 5,3 meqavat gücündə “Eyvazlı” Su Elektrik Stansiyasının (SES) tikintisi davam edir.

Bu barədə “AzərEnerji” məlumat yayıb.

Bildirilib ki, bu, Qubadlı rayonunun tarixində inşa edilən ilk su elektrik stansiyası olacaq.

Stansiyanın dayanıqlı su ilə təmin edilməsi məqsədilə Bərgüşad çayı üzərində ekoloji normalara uyğun baş suqəbuledici qurğu inşa edilib. Mürəkkəb relyef şəraitində 5,3 kilometr uzunluğunda derivasiya boru xətti çəkilib, maşın zalının tikintisi başa çatdırılıb.

Hazırda stansiyada turbin və generatorların, həmçinin 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğuların quraşdırılması işləri aparılır.

İki ədəd Frensis tipli turbinlə təchiz ediləcək “Eyvazlı” SES-də tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur.

İldə 15,6 milyon kilovat-saat yaşıl enerji istehsal ediləcək

Yeni stansiya “AzərEnerji”nin 2021-ci ildə tikərək istismara verdiyi 110 kilovoltluq “Qubadlı” yarımstansiyası vasitəsilə ölkənin vahid enerjisisteminə qoşulacaq.

“Eyvazlı” SES-in istismara verilməsi ilə Qubadlı da işğaldan azad edilmiş ərazilərdə yaşıl hidroenerji istehsal edən rayonlar sırasına qoşulacaq.

Stansiyada ildə 15,6 milyon kilovat-saat ekoloji cəhətdən təmiz enerji istehsalı, 3,5 milyon kubmetr təbii qaza qənaət edilməsi və atmosferə atılan 6 400 ton karbon qazı emissiyasının qarşısının alınması planlaşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir