Yeni cərimələr gəlir: Kibertəhlükəsizlik qaydalarını pozanları 2 min manatadək cəza gözləyir

Yeni cərimələr gəlir: Kibertəhlükəsizlik qaydalarını pozanları 2 min manatadək cəza gözləyir

Azərbaycanda kibertəhlükəsizlik sahəsində tələbləri pozan fiziki və hüquqi şəxslər üçün yeni inzibati cərimələr tətbiq oluna bilər.

APA-dan əldə etdiyimiz məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni – 371-2-ci maddənin əlavə edilməsi təklif olunur. Layihə Milli Məclisin bugünkü iclasında müzakirə olunaraq birinci oxunuşda qəbul edilib.

Təklif olunan dəyişikliklərə əsasən, kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri, təhlükəsizlik əməliyyatları mərkəzləri, informasiya infrastrukturu subyektləri, internet provayderlər, host provayderlər və internet informasiya ehtiyatlarının sahibləri kibertəhlükəsizliyin təmin olunması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etmədikdə inzibati məsuliyyət daşıyacaqlar.

Sənədə əsasən, aidiyyəti dövlət qurumunun göstərişlərinin yerinə yetirilməməsi, kibertəhdidlər və kiberinsidentlər barədə məlumatların vaxtında təqdim edilməməsi, sorğuların müəyyən olunmuş müddətdə cavablandırılmaması, kiberhücumların fasiləsiz monitorinqinin aparılmaması, kibertəhlükəsizlik tələblərinin pozulması, eləcə də rəqəmsal tədqiqatlara maneələrin yaradılması inzibati xəta hesab ediləcək.

Bu hallarda vəzifəli şəxslər 500 manatdan 1000 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək cərimə olunacaqlar.

Bundan başqa, “Kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin və təhlükəsizlik əməliyyatları mərkəzlərinin reyestri”nə daxil edilmədən bu sahədə fəaliyyət göstərənlərə qarşı da cərimələr nəzərdə tutulur. Belə hallarda vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2500 manatadək cərimələnəcəklər.

Qeyd olunub ki, bu tələblər kritik informasiya infrastrukturu obyektlərinə, dövlət orqanlarına, Azərbaycan Mərkəzi Bankına, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə, maliyyə bazarına nəzarət edilən qurumlara, həmçinin mühafizə olunan və strateji obyektlərin informasiya infrastrukturuna şamil edilməyəcək.

Qanun layihəsi Milli Məclisdə səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir