Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanın dünyanın müxtəlif regionlarında islamofobiyaya, dini dözümsüzlüyə, ksenofobiyaya və ayrı-seçkiliyə qarşı mübarizədə BMT-nin Sivilizasiyalar Alyansını (UNAOC) dəstəklədiyini bildirib.
O, bu fikirləri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi” adlı sessiyada səsləndirib.
Ramin Məmmədov qeyd edib ki, Azərbaycan uzun illərdir dini və mədəni müxtəlifliyə hörmətin, qarşılıqlı anlaşmanın və multikultural dəyərlərin beynəlxalq səviyyədə təşviqinə töhfə verir. Onun sözlərinə görə, ölkədə keçirilən çoxsaylı beynəlxalq konfrans və forumlar Azərbaycanın bu istiqamətdə fəal rolunu nümayiş etdirir.
Komitə sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Bakı Prosesi”nin qlobal dialoq və əməkdaşlıq modeli kimi tanındığını vurğulayıb. O bildirib ki, Azərbaycan bu təşəbbüs çərçivəsində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarına, UNAOC-un Qlobal Forumuna və Dünya Dini Liderlərinin Sammitlərinə ev sahibliyi edib.
Ramin Məmmədov BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi və BMT-nin islamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinosun qlobal dialoqun inkişafındakı fəaliyyətini də yüksək qiymətləndirib. Onun sözlərinə görə, Moratinosun islamofobiya ilə mübarizə üzrə xüsusi elçi təyin edilməsi dini dözümsüzlük və ayrı-seçkiliyə qarşı beynəlxalq səylərin əhəmiyyətini göstərir.
Komitə sədri Azərbaycanın 2027-ci ildə UNAOC-un növbəti Qlobal Forumuna Bakıda ev sahibliyi edəcəyindən qürur duyduğunu bildirib.
O qeyd edib ki, islamofobiya, nifrət nitqi və ayrı-seçkiliklə mübarizə beynəlxalq həmrəylik və vahid yanaşma tələb edir. Azərbaycanın bu sahədə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasəti dəstəklədiyini bildirən Ramin Məmmədov ölkənin BMT-nin antisemitizmlə mübarizə üzrə Fəaliyyət Planı və islamofobiya ilə mübarizə üzrə fəaliyyət planının hazırlanması istiqamətində səylərə dəstək verdiyini vurğulayıb.
“Dini abidələrin bərpası postmünaqişə siyasətimizin mərkəzindədir”
Ramin Məmmədov uzunmüddətli münaqişədən çıxmış ölkə kimi Azərbaycanın sülhün dəyərini və mədəni-mənəvi irsin itirilməsinin doğurduğu ağrını yaxşı anladığını deyib.
O bildirib ki, dini abidələr və ibadət ocaqları xalqların müqəddəs kimliyini və tarixi yaddaşını özündə daşıyır. Buna görə də dini irsin qorunması və bərpası Azərbaycanın postmünaqişə siyasətinin əsas istiqamətlərindən biridir.
Komitə sədri qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə dini abidələrin bərpasından başlanılıb. Onun sözlərinə görə, Azərbaycan həmin ərazilərdə mənsubiyyətindən asılı olmayaraq bütün dini abidələrin bərpasına həssaslıqla yanaşır.
Ramin Məmmədov bu fəaliyyətin yalnız mədəni irsin qorunması deyil, həm də mənəvi diplomatiyanın inkişafı, sosial yaraların sağaldılması, mədəni kimliyin bərpası, regional sabitliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıdığını vurğulayıb.
O əlavə edib ki, dövlət qurumları və dini liderlər ümumbəşəri dəyərlər ətrafında birləşdikdə, din xadimləri münaqişələrin dərinləşməsinə deyil, insan ləyaqəti, bərabərlik və sülhün təşviqinə xidmət edə bilərlər.
Komitə sədri bu baxımdan 2024-cü ildə COP29 çərçivəsində keçirilən “Dünya dinləri yaşıl planet uğrunda” Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitini nümunə göstərib. Bildirib ki, həmin tədbir dini icmaların bəşəriyyətin ortaq gələcəyi naminə vahid mənəvi platformada birləşə biləcəyini nümayiş etdirib.

