Ramiz Mehdiyevin kürəkəninə aid olduğu deyilən əmlaklar satışa qoyulur

Ramiz Mehdiyevin kürəkəninə aid olduğu deyilən əmlaklar satışa qoyulur

Xəbər Yerində Musavat.com-a istinadən xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunmasından sonra onun özü və yaxın çevrəsi ilə əlaqələndirilən bir sıra daşınmaz əmlaklara həbs qoyulması barədə məlumatlar yayılıb.

Yeni məlumatlara əsasən, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev və onun şərikli münasibətdə olduğu bildirilən Xaçmaz rayonunun sabiq icra başçısı Şəmsəddin Xanbabayevlə əlaqələndirilən bəzi əmlaklar da diqqətə gəlib.

Məlumata görə, mümkün müsadirə və ya əmlaklara həbs qoyulması riskindən ehtiyat edən şəxslər tərəfindən şərikli mülkiyyətdə olduğu iddia edilən bəzi obyekt və torpaq sahələrinin satışa çıxarılması istiqamətində addımlar atılır.

Xaçmazda satışa çıxarıldığı bildirilən əmlaklar

Məlumatda Xaçmaz rayonunda bir neçə iri daşınmaz əmlakın satışa təklif edildiyi qeyd olunur.

Bunların arasında Xaçmaz şəhərinin mərkəzində, Xalça Muzeyinin yaxınlığında və İcra Hakimiyyətinin qarşısında yerləşən 300 kvadratmetrlik qeyri-yaşayış obyekti də var.

Həmçinin Mirzəoba kəndində tamamilə setka ilə hasarlandığı, suvarma sistemi üçün xüsusi artezian qurğusu və transformatorla təmin edildiyi bildirilən çıxarışlı 10 hektar torpaq sahəsinin satışa çıxarıldığı iddia olunur.

Həsənqala kəndində isə ümumi sahəsi 5 hektar olan üç gölün, eləcə də əlavə 2 hektar çıxarışlı torpaq sahəsinin olduğu bildirilir.

Siyahıda Yalama ərazisində, “Dörd yol” adlanan yerin yaxınlığında, magistral yolun kənarında yerləşən çıxarışlı 85 sot torpaq sahəsi də yer alır.

Ramiz Mehdiyevlə əlaqələndirilən digər əmlaklar

Məlumatda Ramiz Mehdiyev və onun yaxın çevrəsi ilə əlaqələndirilən əmlakların yalnız Xaçmazla məhdudlaşmadığı bildirilir.

Belə əmlaklar sırasında Novxanı qəsəbəsində, Xəzər sahilində yerləşən, xüsusi mühafizə olunan və ərazisində istirahət kompleksləri, geniş bağ sahələri və yardımçı tikililər olduğu deyilən böyük mülkün də adı çəkilir.

Bundan başqa, Bakının mərkəzi ərazilərində Ramiz Mehdiyev ailəsi və yaxın qohumlarına məxsus olduğu iddia edilən lüks mənzillər, elit yaşayış komplekslərində yerləşən penthauslar və kommersiya obyektlərinin olduğu qeyd edilir.

Abşeron və Şamaxı istiqamətində isə müxtəlif vaxtlarda əldə edildiyi bildirilən, yüzlərlə hektar ərazini əhatə edən kənd təsərrüfatı təyinatlı torpaqlar və fermer təsərrüfatlarının olduğu barədə məlumatlar yayılıb. Bu ərazilər arasında satışa çıxarıldığı iddia olunan 50 hektarlıq torpaq sahəsinin də olduğu bildirilir.

Məlumatlarda müxtəlif holdinq və MMC-lər vasitəsilə idarə olunduğu deyilən ticarət mərkəzləri, anbar kompleksləri, hotellər və istirahət obyektlərindən də bəhs edilir.

Həmçinin Ramiz Mehdiyevin yaxın çevrəsinə, o cümlədən ailə üzvləri və qohumlarının adına rəsmiləşdirildiyi iddia olunan maliyyə aktivlərinin və ofşor zonalardakı vəsaitlərin də araşdırma predmetinə çevrilə biləcəyi bildirilir.

Qeyd edək ki, yuxarıda sadalanan məlumatlar media mənbələrinin yaydığı iddialara əsaslanır. Əmlakların hüquqi sahibləri, onların Ramiz Mehdiyev və ya digər şəxslərlə əlaqəsi, eləcə də satışa çıxarılması ilə bağlı məlumatların rəsmi qurumlar tərəfindən təsdiqlənməsi barədə əlavə məlumat təqdim edilməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir