Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakının Xətai rayonunda törədilən qətllə bağlı birgə məlumat yayıb.
Məlumata görə, oktyabrın 23-də saat 00:10 radələrində paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində qətl hadisəsi baş verib. Belə ki, 43 yaşlı C. Mirağayev bıçaq xəsarətləri alaraq öldürülüb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən edilən 11 nəfər həbs olunub. Saxlanılanlar arasında əvvəllər məhkum edilmiş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov və Fərid Əyyublu, eləcə də Xəyyam Səfixanov, Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev var.
Kriminal birliyin fəaliyyəti araşdırılır
Birgə məlumatda qeyd olunub ki, saxlanılan şəxslərin cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirdikləri və mütəmadi olaraq qanunsuz fəaliyyətlə məşğul olduqları müəyyən edilib.
İstintaq zamanı onların kriminal dairələrdə araşdırmalar aparmaq, hədə-qorxu yolu ilə pul tələb etmək, cinayətkar aləmdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxsləri sərt şəkildə cəzalandırmaq məqsədilə cinayətkar birlik yaratdıqları ehtimalı araşdırılır. Həmçinin həmin şəxslərin odlu və soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurmaq niyyətində olduqları və birliyin fəaliyyətində iştirak etdikləri müəyyən olunub.
Hazırda cinayət işi üzrə bütün halların, saxlanılan şəxslərin hər birinin hadisədə iştirakının, eləcə də cinayətkar birliyin fəaliyyət istiqamətlərinin və əlaqələrinin müəyyənləşdirilməsi üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

