Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryanın həbs müddəti daha iki ay uzadılıb.
Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, bu barədə “News.am” nəşrinə istinadən məlumat yayılıb. Vəkil Hakob Küreqyan jurnalistlərə açıqlamasında Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin müvafiq qərar qəbul etdiyini bildirib.
Robert Koçaryan və daha doqquz nəfər barəsində cinayət təqibi
Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryana qarşı üç maddə üzrə cinayət təqibinə başlanılıb. Avqustun 24-də baş prokuror onun barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ilə bağlı ictimai cinayət təqibi başladıb.
Bununla yanaşı, daha doqquz nəfər, o cümlədən Koçaryanın oğlu Sedrak, keçmiş müdafiə naziri S. S., sabiq baş nazir A. M., İrəvanın keçmiş meri Qaqik Beqlaryan və digər şəxslər barəsində də cinayət işi açılıb.
Koçaryanın əmlakları həbs edilib
İstintaqın iddiasına görə, Robert Koçaryan 1998–2008-ci illərdə Ermənistan prezidenti vəzifəsində çalışarkən xidməti mövqeyindən istifadə edərək dövlət əmlakını saxta əsaslarla mənimsəyib və bir sıra torpaq sahələri ilə daşınmaz əmlak obyektlərini bazar qiymətindən xeyli aşağı qiymətə əldə edib.
Məlumata əsasən, Koçaryanın ailəsinə məxsus daşınmaz əmlaklara həbs qoyulub, onun evində isə axtarış aparılıb.

