Rusiya gəmisində qəza: 41 nəfər xilas edildi

Rusiya gəmisində qəza: 41 nəfər xilas edildi

Uruqvayın paytaxtı Montevideoda Rusiya bayrağı altında üzən balıqçı gəmisi limanda qəza keçirib.

“Xəbər Yerində” xəbər verir ki, hadisə avqustun 25-də axşam saatlarında Montevideo limanının 7 saylı körpüsündə baş verib.

Məlumata görə, 2003-cü ildə İspaniyada inşa edilən, 50 metr uzunluğunda və 946 qross tonluq “Alpha Crux” adlı gəmi daxili çənlər arasında yanacaq transferi həyata keçirərkən stabilliyini itirib. Gəmi əvvəlcə sol tərəfə doğru güclü şəkildə əyilib, daha sonra yarıbatmış vəziyyətə düşüb. Hadisənin dəqiq səbəbləri araşdırılır.

Qəza zamanı gəmidə olan 41 ekipaj üzvünün hamısı təhlükəsiz şəkildə təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisədən sonra Uruqvayın Milli Liman Administrasiyası və Montevideo Limanı təhlükəsizlik protokollarını işə salıb. Gəminin ətrafına yanacaq sızmasının qarşısını almaq məqsədilə xüsusi qoruyucu baryerlər yerləşdirilib, həmçinin səthdə müşahidə olunan yağlı mayelərin toplanması üçün avadanlıqlar cəlb olunub.

İlkin məlumata görə, indiyədək suya maye yanacaq sızması təsdiqlənməyib. Gəminin xilas edilməsi ilə bağlı hazırlıqlara başlanılıb. Hadisənin səbəblərini Uruqvay Milli Dəniz Prefekturası araşdırır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir