Rusiya daxili bazarda yaranan yanacaq çatışmazlığı səbəbindən xaricdən benzin almağa başlayıb.
Xəbər Yerində xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın Rusiya ərazisindəki neft emalı zavodlarına və yanacaq infrastrukturuna həyata keçirdiyi PUA hücumları ölkədə yanacaq təminatında ciddi problemlər yaradıb.
Məlumata görə, Hindistandan Rusiyaya təxminən 68 min ton benzin göndərilib. Yanacaq Hindistanın Vadinar limanından yüklənib və Rusiyanın Arktikadakı Vitino limanına çatdırılıb. Daha sonra benzinin ölkə daxilində istehlakçılara dəmir yolu ilə daşınmasına başlanılıb.
Bu, neft və neft məhsullarının böyük ixracatçısı olan Rusiya üçün diqqətçəkən addım hesab olunur. Moskva daxili bazarda yaranan çatışmazlığı azaltmaq üçün Belarus və Qazaxıstandan da benzin idxalını təşkil edir.
Ölkənin bir sıra regionlarında yanacaq qıtlığı səbəbindən avtomobillərə satılan benzinin həcminə məhdudiyyətlər tətbiq edilib. Moskva və ətraf ərazilərdə bəzi yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb. Reuters-in məlumatına görə, bəzi stansiyalarda bir avtomobilə satılan benzinin həcmi məhdudlaşdırılıb.
Rusiya hökuməti isə vəziyyəti sabitləşdirmək məqsədilə yanacaq ixracına qadağa qoyub, daxili bazarın təminatını artırmaq üçün əlavə tədbirlər görüb və xaricdən neft məhsullarının alınmasına başlayıb.
Məlumata görə, Rusiyada yanacaq böhranının ilk dalğası may ayında başlayıb və iyul ayına qədər ölkənin böyük hissəsinə yayılıb. Avqustda isə neft emalı zavodlarına yeni hücumların fonunda problem yenidən kəskinləşib.

