Rüşvət müqabilində saxta tibbi sənədlər verən həkimlər məhkəmə qarşısında

Rüşvət müqabilində saxta tibbi sənədlər verən həkimlər məhkəmə qarşısında

Rüşvət qarşılığında vətəndaşlara saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən iki həkimlə bağlı cinayət işinin istintaqı başa çatıb.

Baş Prokurorluğun məlumatına görə, “General Hospital” klinikasının baş həkimi, “Seymur-M” MMC-nin təsisçisi və direktoru Rüstəm Mikayılov, həmçinin Bakı şəhəri 42 nömrəli poliklinikada sahə həkimi işləmiş Səmayə Əşrəfova barəsində toplanan materiallar məhkəməyə göndərilib.

İstintaq zamanı müəyyən edilib ki, 2017-2024-cü illərdə həkimlər müxtəlif şəxslərdən pul alaraq onları lazımi tibbi müayinələrdən keçirmədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə sənədlərlə təmin ediblər. Bu sənədlər əsasında həmin şəxslərə müavinətlərin ödənilməsi təşkil olunub.

Bundan başqa, Rüstəm Mikayılovun rüşvət yolu ilə əldə etdiyi vəsaitləri leqallaşdırdığına dair əsaslı şübhələr də müəyyən edilib.

Rüstəm Mikayılova bir neçə maddə, o cümlədən rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlı ittihamlar irəli sürülüb. Səmayə Əşrəfova isə rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham olunur.

Hər iki şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Eyni zamanda “Seymur-M” MMC ilə bağlı da cinayət-hüquqi tədbirlərin tətbiqi məsələsi üzrə icraat başlanıb, Rüstəm Mikayılova məxsus əmlak üzərinə həbs qoyulub.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş üzrə digər şəxslərin mümkün iştirakının araşdırılması isə ayrıca icraat çərçivəsində davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir