Sərnişinlərə şad xəbər: Bakı metrosunda böyük yeniliklər olacaq!

Sərnişinlərə şad xəbər: Bakı metrosunda böyük yeniliklər olacaq!

Bakı metrosunun genişləndirilməsi üçün ayrılan 302 milyon dollarlıq kredit hesabına hansı işlərin görüləcəyi və sərnişinləri hansı yeniliklərin gözlədiyi açıqlanıb.

Xəbər Yerində xəbər verir ki, ümumi dəyəri 2,6 milyard dollar olan metro şəbəkəsinin genişləndirilməsi proqramı yeni stansiyaların və tunellərin tikintisini, vaqon parkının yenilənməsini və əməliyyat sistemlərinin modernləşdirilməsini əhatə edir.

302 milyon dollar hansı işlərə yönəldiləcək?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, həyata keçirilən layihə Bakı Metropolitenində sərnişindaşımanın daha dayanıqlı təşkilinə müsbət zəmin yaradır.

Onun sözlərinə görə, proqram çərçivəsində 9 stansiyanın, 2 deponun və 20 kilometr uzunluğunda yeni tunellərin tikintisi, əlavə 300 metro vaqonunun alınması, həmçinin metropolitenin əməliyyat sistemlərinin modernləşdirilməsi nəzərdə tutulur.

Layihənin əsas məqsədi metro xidmətlərinin əhatə dairəsini və daşıma qabiliyyətini artırmaq, Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığını azaltmaqdır.

Ekspert qeyd edib ki, artıq işlərin ilk mərhələsi müşahidə olunur. Təxminən 60 illik tarixə malik Bakı Metropoliteninin daha dayanıqlı fəaliyyətini təmin etmək üçün üç xəttin müstəqil işləməsi istiqamətində tədbirlər görülür.

Onun fikrincə, kredit qatarların hərəkət intervalının azaldılması və yeni metro xətlərinin tikintisi baxımından da xüsusi əhəmiyyət daşıyır.

Bakı metrosu yeni inkişaf mərhələsinə qədəm qoyur

Rauf Ağamirzəyev vurğulayıb ki, mövcud metro infrastrukturu ötən əsrin 70-ci illərinə aiddir və həmin dövr üçün müasir hesab olunurdu. Lakin hazırda bu infrastrukturun yenilənməsinə, rəqəmsallaşdırılmasına və böyük şəhərin artan tələbatına uyğunlaşdırılmasına ehtiyac var.

Ekspertin sözlərinə görə, dövlət proqramında və kredit layihəsində də məhz bu məsələlərin həlli nəzərdə tutulur. Yeni stansiyaların və depoların tikintisi istiqamətində işlərin aparılması müsbət addımdır.

O bildirib ki, hazırda 10 stansiyadan biri hazırlıq mərhələsindədir və tamamlanmaq üzrədir. Yeni deponun istifadəyə verilməsi də Bakı kimi böyük şəhər üçün mühüm əhəmiyyət daşıyır.

Bakı metrosunda stansiyaların sayı 50-yə çatdırılmalıdır

Ekspert hesab edir ki, növbəti mərhələdə Bakı üçün ümumi dairəvi metro xəttinin tikintisi də gündəmə gətirilməlidir.

Hazırda 27 stansiyası olan Bakı Metropolitenində stansiyaların sayının 37-yə çatdırılması nəzərdə tutulsa da, Rauf Ağamirzəyevin fikrincə, Bakı kimi meqapolisdə bu rəqəmin ən azı 50-yə çatdırılması vacibdir.

O qeyd edib ki, stansiyaların sayının artırılması şəhərdə hərəkətliliyin təmin olunmasına və sərnişin daşımalarının daha böyük hissəsinin metro vasitəsilə həyata keçirilməsinə mühüm töhfə verə bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir