“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma prosesinə həsr olunan sənədli filmin istehsalına başlayıb.
Xeberyerinde Reporta-a istinadən xəbər verir ki, ekran əsərində əsas diqqət işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələrinə, eləcə də həmin torpaqlara qayıdan sakinlərin həyatına yönəldiləcək. Filmin məqsədi Qarabağ və Şərqi Zəngəzurda görülən işləri həm Azərbaycanın dirçəliş nümunəsi, həm də post-münaqişə dövründə şəhərsalma sahəsində beynəlxalq təcrübə kimi təqdim etməkdir.
“Böyük Qayıdış”ın real hekayələri lentə alınır
Sənədli filmdə “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində yenidən salınan yaşayış məntəqələri, inşa olunan müasir infrastruktur və sakinlərin doğma yurdlarına dönüşü real həyat hekayələri vasitəsilə tamaşaçılara çatdırılacaq.
Çəkilişlər Ağdam, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Cəbrayıl, Zəngilan və Laçın şəhərlərində həyata keçirilib. Ekran əsərində müasir memarlıq prinsipləri əsasında qurulan yaşayış məntəqələri, “yaşıl enerji” layihələri və azad edilmiş ərazilərdə tətbiq olunan innovativ şəhərsalma yanaşmaları da nümayiş etdiriləcək.
Qeyd edək ki, film “Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və gələcəyin şəhərləri” layihəsi çərçivəsində hazırlanır. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.









