Xəbər Yerində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, noyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Gün ərzində əsasən yağmursuz hava müşahidə edilsə də, axşam saatlarından bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Gecəyə doğru yarımadanın ayrı-ayrı ərazilərində yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər saatlarında arabir duman müşahidə ediləcək.
Mülayim cənub-qərb küləyi axşam saatlarında güclü şimal-qərb küləyi ilə əvəzlənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 12-16, gündüz 18-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Rayonlarda leysan, dolu və qar ehtimalı var
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz saatlarından başlayaraq şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir.
Bəzi ərazilərdə yağıntılar leysan xarakterli və intensiv olacaq. Şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir. Axşam saatlarında yağıntıların bir qədər güclənəcəyi bildirilir.
Bəzi yerlərdə arabir duman müşahidə olunacaq, qərb küləyi ayrı-ayrı ərazilərdə güclənəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 3-8, gündüz 12-17 dərəcə isti gözlənilir.

